Ceyhun Bayramov mühüm görüşlər keçirdi
Siyasət
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Yəməndən olan həmkarı Şaya Zindani ilə görüş keçirib.
Bu barədə News24.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflərin görüşündə iki ölkə arasında cari məsələlər və əməkdaşlıq perspektivləri müzakirə olunub.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Şimali Kipr Türk Respublikasından olan həmkarı Tahsin Ərtoğruloğlu ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq müzakirə olunub.
Nazirlər, həmçinin regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıblar.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, birgə həyata keçirilən layihələrin davam etdirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
C.Bayramov Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində mövcud əməkdaşlığın mühüm rolunu qeyd edib. Azərbaycanın Bakı Prosesi çərçivəsində və digər beynəlxalq təşəbbüslər vasitəsilə mədəniyyətlərarası dialoqa verdiyi töhfənin əhəmiyyəti vurğulanıb.
Nazir həmçinin postmünaqişə dövründə regional vəziyyət, Azərbaycanın sülh səyləri və Ermənistanla sülh prosesi, habelə mövcud maneələr barədə qarşı tərəfə məlumat verib.
Ali nümayəndə Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə apardığı fəal və ardıcıl siyasəti yüksək qiymətləndirib. O, Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığının bundan sonra da uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıb və birgə təşəbbüslərin gələcəkdə də davam etdirilməsinə dəstəyini ifadə edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər, o cümlədən qlobal çağırışlar qarşısında mədəniyyətlərarası həmrəyliyin təşviqi, İslamofobiya ilə mübarizə sahəsində birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıblar.