31-ci Beynəlxalq İnformatika Olimpiadasının yekun nəticələri sabah bilinəcək
    • 8-08-2019, 15:37
    • 945

31-ci Beynəlxalq İnformatika Olimpiadasının yekun nəticələri sabah bilinəcək

Bu gün  31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi keçirilib.

Bu mərhələdə olimpiada iştirakçıları onlara təqdim edilən 3 sualı 5 saat ərzində cavablandırmalıdırlar.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, yarışın yekun nəticələrinin avqustun 9-da elan edilməsi nəzərdə tutulub.
Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertin qatıldığı bu bilik yarışı özünün zəngin proqramı ilə seçilir.

Yarış iştirakçılarının asudə vaxtlarını səmərəli keçirmələri üçün maraqlı mədəni proqram da təşkil olunub. Avqustun 7-də Beynəlxalq İnformatika Olimpiadasının iştirakçıları üçün Azərbaycan Milli Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi və Nobel qardaşlarının ev-muzeyinə ekskursiyalar təşkil edilib. İştirakçılar həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Qoşa Qala küçəsindən başlayan gəzinti zamanı olimpiada iştirakçıları Qala divarları və tarix-memarlıq abidələri barədə məlumatlandırılıb. Qonaqlar “Qız qalası” və digər abidələrlə yaxından tanış olublar.

Qeyd edək ki, “IOI” beş beynəlxalq olimpiadadan və dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-nə kimi öz işinə davam edəcək. Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Olimpiadanın rəsmi qlobal sponsoru qismində “Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə «İstedad sponsoru” kimi dəstək verir.
İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır.