Bakı Tibb Kollecində gözdən əlillər üçün 20 yeri AYRILDI
    • 15-08-2019, 13:02
    • 1 168

Bakı Tibb Kollecində gözdən əlillər üçün 20 yeri AYRILDI

1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb. 

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil olan gənclər üçün dövlət hesabına plan yerləri ayrılır. 2019/2020-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb.

Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər aşağıda göstərilən sənədləri 2019-cu il avqustun 16-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər: 

• Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış; 
• Yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086); 
• “Abituriyentin elektron ərizəsi”. 

Qeyd edək ki, cari ilin məzunları müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Əvvəlki illərin məzunları üçün isə müsabiqə 2019-cu il 28 aprel tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq. 

Müsabiqədə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.