Bakıda daha bir həyət abadlaşdırıldı - FOTO
    • 15-08-2019, 15:16
    • 939

Bakıda daha bir həyət abadlaşdırıldı - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir.

Bakı Şəhər İcra Hakimiyyətindən News24.az-a verilən məlumata görə, avqustun 15-də “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Binəqədi rayonu, Naxçıvani küçəsi 24, 24“a”, 26, 26“a” ünvanlarında 2300 nəfər sakinin yaşadığı dörd ədəd doqquz və bir ədəd 10 mərtəbəli binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə bir ədəd mini futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançası və 8 ədəd söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılmış, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 2500 kv.m ərazidə yaşıllıq zolağı salınıb.

Binəqədi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan iyirmi doqquzuncu həyətdir.
Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.