“Dini icma sədrləri və nüfuzlu din xadimləri hər zaman nümunə olmalıdırlar" - Səyyad Salahlı
    • 16-08-2019, 15:10
    • 1 027

“Dini icma sədrləri və nüfuzlu din xadimləri hər zaman nümunə olmalıdırlar" - Səyyad Salahlı

15-16 avqust tarixlərində Zaqatalada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

DQİDK-dən News24.az-a verilən məlumata görə, dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə qazısı Malik Bilalov rayondakı dini durum, dini icmaların fəaliyyəti barədə məlumat verib. Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, bütün sahələr olduğu kimi din sahəsi də hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

S.Salahlı vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı ayrılır. “Bu, dövlət başçısının dinə və dindarlara diqqət və qayğısının bariz nümunəsidir”, -deyə sədrin birinci müavini əlavə edib. İslam dininin sülh və əmin-amanlıq dini olduğunu diqqətə çatdıran Dövlət Komitəsi sədrinin birinci müavini təəssüf hissi ilə qeyd edib ki, Yaxın Şərqdə, o cümlədən dünyanın müxtəlif ölkələrində dini zəmində qanlı münaqişələr baş verir. Səyyad Salahlının sözlərinə görə, həmin münaqişələrin Azərbaycana ayaq açmaması və sözügedən xüsusda ölkəmizdə hökm sürən sülh və əmin-amanlığın davamlı olması üçün din sahəsində insanlarımızın maarifləndirilməsinə bu gün həmişəkindən daha çox ehtiyac vardır. Bu təhdidləri və reallıqları nəzərə alaraq, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət istiqamətinə uyğun olaraq dini etiqad sahəsində maarifləndirmə işi aparmaqdadır. Dövlət Komitəsinin bu sahədəki fəaliyyətinə ölkədə dövlət-din münasibətlərinin və dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini radikalizm meyillərinin qarşısının alınması, o cümlədən milli-mənəvi dəyərlərimizin, ölkədəki zəngin tolerantlıq və multikulturalizm mühitinin qorunub saxlanılması məqsədilə dini maarifləndirmə işinin təşkil olunması daxildir.

Səyyad Salahlı onu da vurğulayıb ki, dini icma sədrləri və nüfuzlu din xadimləri cəmiyyət, xüsusilə gənclər üçün hər zaman şəxsi nümunə göstərməlidirlər. Natiq, həmçinin dini ekstremizm və dini radikalizmlə mübarizədə dini icmaları, din xadimlərini fəal olmağa çağırıb. Tədbirdə Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Saleh Aslanov çıxış edərək bildiriblər ki, ölkə vətəndaşları dini mənsubiyyətindən asılı olmayaraq dövlətin qayğısı və himayəsi altındadır. O da vurğulanıb ki, Prezident İlham Əliyev dini dəyərlərimizə böyük önəm verir. DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filminin də nümayiş olunduğu ikigünlük seminar-müavirə müzakirələrlə başa çatıb.