“Gilan Holding”dən “Natura” şirəsi ilə bağlı rəsmi açıqlama
    • 20-08-2019, 17:21
    • 819

“Gilan Holding”dən “Natura” şirəsi ilə bağlı rəsmi açıqlama

Bu günlərdə bəzi xəbər saytlarında vətəndaş Ayxan Rəhimli tərəfindən “Gilan Holding”ə aid Qəbələ Konserv Zavodunun istehsal etdiyi “Natura” meyvə şirəsinin keyfiyyətində uyğunsuzluq aşkarlanması haqqında məlumat yayılıb. 

Qeyd olunan şikayətlə bağlı tərəfimizdən komissiya yaradılıb və sözügedən şaftalı nektarından nümunə Qəbələ Konserv Zavodunun laboratoriyasına ekspertiza üçün təqdim olunub.

Götürülən nümunə laboratoriya şəraitində müxtəlif parametrlər üzrə incələnərək, məhsulun tərkibinin pH, turşuluq, orqanoleptik və digər göstəricilərə uyğun olması aşkar olunub. Məhsulun istehsalından sonra, 30.04.2019-cu il tarixində keçirilmiş mikrobioloji analizlər nəticəsində də heç bir uyğunsuzluq üzə çıxmayıb. Ekspertizanın daha dəqiq olması üçün, eyni tarixə aid istehsalat xəttindən olan digər meyvə şirələrindən də təkrar sınaqlar götürülüb və keyfiyyətə nəzarət zamanı heç bir uyğunsuzluq aşkar edilməyib. Laboratoriya sınaqları üçün nümunələr həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə də təhvil verilib. Agentliyin sınaq nəticələri yaxın günlərdə bəlli olacaq və ictimaiyyətə açıqlanacaq.

“Gilan Holding”in Marketinq və kommunikasiyalar şöbəsinin direktoru Fərid Məmmədovun mətbuata verdiyi açıqlamaya əsasən, 23.04.2019-cu il tarixində istehsal olunmuş bu meyvə şirəsinin qutusuna baxış keçirilib: “Problemin qutuya kənardan fiziki müdaxilə nəticəsində yaranması ehtimal olunur. Bildirmək istərdik ki, bu tip məhsullar steril şəkildə qablaşdırılaraq satışa təqdim olunur.  Qablaşdırmaya xarici fiziki təsir nəticəsində qutunun içərisinə hava sızması yarandıqda, sterillik pozulur və beləliklə, açıldıqdan uzun müddət sonra aseptik olmayan qablaşdırmada kif və ya maya göbələkləri inkişaf edərək, bu tip halların ortaya çıxmasına səbəb olur. Bununla əlaqədar, istehlakçılara qablaşdırmanın üzərində qeyd edilən saxlama tələblərinə riayət etmələri, qoruyucu halqası qırılmayan, sızıntı və şişmə olmayan şirə paketlərini istifadə etmələri tövsiyə olunur”.

“Bütün bunlarla yanaşı, müştərimizə, bu kimi mümkün problemin işıqlandırılması və istehlakçılarımızı bir daha maarifləndirmək imkanına görə təşəkkürümüzü bildirir, Qəbələ Konserv zavodunu ziyarət edərək, istehsalat prosesi ilə canlı tanış olmağa dəvət edirik” – F.Məmmədov qeyd edib.

Qeyd edək ki, Qəbələ Konserv Zavodunda mövcud olan istehsalat avadanlıqları dünyanın bir nömrəli qablaşdırma istehsalçısı “Tetra Pak” şirkətinə məxsusdur. Bu avadanlıqlarla ildə 25 milyon ədəddən çox şirə məhsulları istehsal edilərək, Azərbaycan istehlakçısına təqdim olunur. “Natura” meyvə şirələri isə, istehlakçı seçiminə və satışa görə bazarın daim liderlərindəndir.

Bununla yanaşı, “Gilan Holding”ə məxsus Qəbələ Konserv Zavodu dünyanın tanınmış bir çox keyfiyyət sertifikatlarına malikdir ki, bu da istehsal olunan məhsulların nəinki Azərbaycan, hətta, dünyanın 30-dan çox ölkəsinə ixrac edilməsini təmin edir.

Zavod ISO 9001:2008, ISO 22000:2005, Kosher və ECOCERT sertifikatlarını əldə edib,  həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınıb.