iPhone 17 və 17 Air modelləri zəif olacaq
Maraqlı
İnsayder Fixed Focus Digital-in (FFD) verdiyi məlumata görə, iPhone 17 və onun daha incə versiyası olan iPhone 17 Air flaqman ekran texnologiyası olan ProMotion ilə təchiz olunmayacaq. Bu məlumat Çinin Weibo sosial şəbəkəsində paylaşılıb.
İddiaya əsasən, iPhone 17 seriyasındakı bütün modellər yüksək yenilənmə tezliyinə malik ekranlarla gələcək, lakin yalnız iPhone 17 Pro və 17 Pro Max modellərində ProMotion texnologiyası və LTPO OLED ekranlar olacaq. Əsas modellər isə LTPS texnologiyası ilə hazırlanmış OLED ekranlardan istifadə edəcək. Bu cür ekranlar 1-120 Hz arasında dinamik tezlik dəyişməsini dəstəkləmir.
Bu texniki fərq, əsas modellərdə batareya sərfiyyatının daha yüksək olmasına və ekranın kontentə uyğun olaraq tezliyi optimallaşdıra bilməməsinə səbəb olacaq. Məsələn, 24 kadr/saniyə tezliyində film izlənərkən, bu ekranlar 30, 60 və ya 120 Hz ilə işləyəcək. Halbuki Pro modellər 24 Hz-də də dəqiq görüntü verə biləcək.
Həmçinin, LTPO ekranların olmaması iPhone 17 və 17 Air modellərinin "Always-On Display" funksiyasını da dəstəkləməyəcəyini göstərir. Bu funksiya yalnız premium modellərdə əlçatan olacaq.
Qeyd edək ki, ProMotion texnologiyası ilk dəfə 2021-ci ildə iPhone 13 Pro modellərində istifadəyə verilib. Beləliklə, bu baxımdan yeni iPhone 17 və 17 Air modelləri, hətta daha köhnə iPhone 13 Pro ilə müqayisədə də geri qalır.
Apple-ın iPhone 17 seriyasını rəsmi olaraq sentyabr ayında təqdim edəcəyi gözlənilir.