Məktəb direktoru olmaq  istəyənlərlə müsahibələrə BAŞLANILDI
    • 28-08-2019, 12:29
    • 705

Məktəb direktoru olmaq istəyənlərlə müsahibələrə BAŞLANILDI

Bu gün dövlət ümumitəhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlar üzrə müsahibə mərhələsinə başlanılıb.

Təhsil nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırovun News24.az-a verdiyi məlumata görə, bu mərhələdə Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 114 namizədin iştirakı nəzərdə tutulur.

Sözügedən rayonlar üzrə müsahibələr avqustun 30-dək davam edəcək.  

Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.

Qeyd edək ki,  13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. 3403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib.

Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1643 nəfər iştirak edib.
21-23 avqust tarixlərində Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib.