İmişlidə keçmiş məhkumun həyətində NARKOTİK AŞKARLANDI
    • 2-09-2019, 11:33
    • 867

İmişlidə keçmiş məhkumun həyətində NARKOTİK AŞKARLANDI

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qızılkənd  kənd sakini, əvvəllər məhkum olunmuş 54 yaşlı Baxış Quliyev saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 17 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 1 kiloqram 200 qram olan qurudulmuş marixuana  aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya  təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.