Azərbaycan və Türkiyə arasında sahil mühafizəsi ilə bağlı PROTOKOL İMZALANDI
    • 4-09-2019, 10:28
    • 803

Azərbaycan və Türkiyə arasında sahil mühafizəsi ilə bağlı PROTOKOL İMZALANDI

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının müvafiq qurumları arasında  ikitərəfli əlaqələr uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, birgə əməkdaşlıq fəaliyyətləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin dəvəti ilə cari ilin 2 sentyabr tarixində Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Sahil Mühafizəsinin komandanı kontr-admiral Ahmet Kendirin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Sentyabr ayının 3-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən Türkiyə nümayəndə heyəti qəbul edib. Görüşdə ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmış, sərhəd təhlükəsizliyinin təmin edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə üzrə sahil mühafizəsi sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub, birgə əməkdaşlıq və qarşılıqlı əlaqələndirmənin, təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Səfər çərçivəsində qonaqlar DSX Sahil Mühafizəsində dəniz sərhədlərinin mühafizəsinin təşkili vəziyyəti və xüsusiyyətləri ilə tanış olub, aidiyyəti bölmələrin xidməti-döyüş fəaliyyətinin müasir tələblərə uyğun aparılması məqsədilə istifadə olunan qabaqcıl sistem və texniki vasitələri nəzərdən keçiriblər.

Azərbaycan və Türkiyə nümayəndələri müsbət təcrübə mübadiləsini aparmış, gələcək əlaqələrin perspektivlərini müzakirə etmiş və sahil mühafizəsi bölmələri arasında praktiki əməkdaşlıq tədbirlərinin davam etdirilməsinə dair razılıq əldə etmişlər. Görüşün nəticələrinə dair  nümayəndə heyərtlərinin İşçi Protokol imzalanıb.

Qonaqlar səfər çərçivəsində Şəhidlər xiyabanını və şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət etmiş, həmçinin “Heydər Əliyev Mərkəzi”, Bakı şəhərinin mədəni-tarixi abidələri və Dövlət Sərhəd Xidmətinin Aparatında yerləşən “Siyasi repressiya qurbanları” muzeyi” ilə tanış olublar.