Azərbaycan və İran generalları narkotiklərin qanunsuz dövriyyəsinə dair MÜZAKİRƏ APARILIB
    • 5-09-2019, 13:24
    • 628

Azərbaycan və İran generalları narkotiklərin qanunsuz dövriyyəsinə dair MÜZAKİRƏ APARILIB

Sentyabrın 4-də Lənkəran şəhərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun və İran İslam Respublikasının Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Xidmətinin rəisi, briqada generalı Məhəmməd Zahedianın rəhbərlik etdikləri nümayəndə heyətlərinin ikitərəfli əməkdaşlıq çərçivəsində növbəti  görüşləri olub.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis general-mayoru H.Aslanov iranlı həmkarlarına ölkəmizdə ümumən cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizədən və həyata keçirilən əməliyyat-profilaktik tədbirlərdən, əldə olunan nəticələrdən danışıb.

Görüşdə hər iki qonşu dövlətin hüquq-mühafizə orqanları arasında sıx əməkdaşlığın müsbət nəticələri vurğulanıb, narkotik vasitələrin qanunsuz dövriyyəsinin dost və qonşu xalqlar üçün narahatlıq yaratdığı qeyd edilib, bu sahədə qarşılıqlı əlaqələrin, birgə məlumat mübadiləsinin bundan sonra da davam etdirilməsi perspektivləri müzakirə olunub.

Briqada generalı Məhəmməd Zahedian hüquq-mühafizə fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini, cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib, belə görüşlərin iki dövlətin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.