Sosial şəbəkədə danışdığı qızı aldadıb 12 min pulunu aldı
Hadisə
Balakən sakini 2001-ci il təvəlllüdlü Elmar Şibliyev Cinayət Məcəlləsinin 178.2.4-cü, yəni, dələduzluq maddəsi ilə məsuliyyətə cəlb edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, “İnstagram” sosial şəbəkəsində “ehli_sunne_62” və “_allahu_ekber_08” adlı hesabları olan Elmar internetdə tanış olduğu Naxçıvan şəhər sakini 21 yaşlı İlahəni (şərti) aldadaraq ondan 12 min manatdan artıq pul alıb. O, üzünü görmədiyi və yalnız sosial şəbəkədə danışdığı qızı inandıraraq güclü əlaqələrinin və imkanlarının olduğunu deyib.
Aldığı pulu kazino oyunlarına qoyduğunu deyən Elmar qızı bu oyunlardan böyük məbləğ qazanacağına və onu həmin pula şərik edəcəyinə inandırıb. Bundan başqa, Elmar İlahəyə torpaq sənədləşdirərək satacağını və buradan da əldə edəcəyi gəliri bölüşəcəyini bildirib. Bu adlarla o, qızdan 12 min manatdan artıq pul alıb və həmin məbləği 1 ay ərzində şəxsi ehtiyaclarına xərcləyib. Həmçinin Elmar İlahəni ona pul verdiyi haqda heç kimə deməməsi üçün hədələyib.
Aldadıldığını görən və verdiyi pulları ala bilməyən qız daha sonra məsələni yaxınlarına danışıb və polisə müraciət edib. Bundan sonra Elmarın şəxsiyyəti müəyyənləşdirilib və onun barəsində cinayət işi açılıb.
Balakən rayon Məhkəməsinin 27 avqust tarixli hökmü ilə Elmar Şibliyev 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
İlahə Məmmədova ona vurulmuş zərərin ödənilmədiyini, verdiyi pulların geri qaytarılmasını tələb edib.
Taleh Bağırov