70 milyon il əvvəl yaşamış canlı növü aşkar edildi
Dünya
Argentinalı alimlər Patagoniya bölgəsində apardıqları qazıntılar zamanı yeni meqaraptor növü kəşf ediblər.
News24.az xəbər verir ki, araşdırma barədə məlumat Nature Communications jurnalında dərc olunub. Tapılan kəllə, qol, ayaq və quyruq sümüklərinin təxminən, 66–70 milyon il əvvələ — təbaşir dövrünə aid olduğu müəyyən edilib.
Filogenetik analizlər nəticəsində bu nümunənin digər meqaraptorlardan fərqli xüsusiyyətlərə malik olduğu təsdiqlənib və ona “Joaquinraptor casali” adı verilib.
Alimlərin hesablamalarına görə, dinozavr öldüyü vaxt təxminən, 7 metr uzunluğunda olub və ən azı 19 yaşında imiş. Ölüm səbəbi isə hələlik məlum deyil.
Ən maraqlı tapıntılardan biri isə dinozavrın çənəsində eyni dövrdə yaşamış timsaha aid ön ayaq sümüyünün qalıqlarıdır. Tədqiqatçılar bunun onun son yeməyi ola biləcəyini və bu tapıntının növün qidalanma vərdişləri barədə mühüm ipucları verdiyini bildiriblər.
Aqil Qarayev