Azərbaycanda ikinci növbədə oxuyan şagirdlərin sayı azalıb- Təhsil naziri
    • 11-09-2019, 11:20
    • 723

Azərbaycanda ikinci növbədə oxuyan şagirdlərin sayı azalıb- Təhsil naziri

“Yeni dərs ilində 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi (hər 4 abituriyentdən biri) müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir”.

News24.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında bildirib. Nazir bildirib ki, son illərdə ölkədə təhsil sahəsində müsbət dinamika müşahidə olunur və bir sıra əsaslı nailiyyətlər əldə edilib.

C.Bayramov qeyd edib ki, bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

C.Bayramov onu da əlavə edib ki, 2003-2018-ci illərdə Azərbaycanda 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Bunun nəticəsində 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşıb.

Onun sözlərinə görə,  Azərbaycanda ikinci növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizədək azalıb: “Növbəti tədris ilində isə icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların sayının isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur".