Özbaşına dərman qəbulu gözə ziyan verə bilər
    • 12-09-2019, 23:06
    • 1 037

Özbaşına dərman qəbulu gözə ziyan verə bilər

Fəsil dəyişikliyi ilə əlaqədar olaraq gözdə olan sulanma və bu kimi digər şikayətlər adətən “allergik konyunktivit” adlandırdığımız göz xəstəliyi ilə əlaqədar olur. Adətən hər dəfə fəsillər dəyişərkən və ya bitkilərin tozlanma zamanı xəstələr bu şikayətlərlə həkimə müraciət edirlər. 
News24.az -ın məlumatına görə, yazılan dərmanlar sadəcə xəstənin şikayətlərini azaldıb, narahatlığını müəyyən müddətliyə aradan qaldırır. Lakin bəzən xəstələr həkim məsləhəti olmadan özləri müxtəlif dərmanlardan istifadə edirlər. Bu isə xəstəyə ziyan verə bilər. Ona görə də, belə hallarda həkim müayinəsindən keçdikdən sonra uyğun dərmanlardan istifadə etmək məsləhətdir. Son zamanlar şikayətlər çoxşaxəli olduğu kimi, səbəblər də müxtəlifdir. Allergik problemlərlə yanaşı, diabet xəstələri, gözdaxili təzyiqi, refraksiya problemi olan keratokonus və sairə bu kimi xəstəliklərlə müraciət edənlər də kifayət qədərdir. Tibdə, xüsusilə də oftalmologiyada cərrahi müdaxilə yalnız ehtiyac olduğu halda icra edilir. Əgər xəstənin sağalması üçün cərrahi müdaxilədən başqa müalicələr mövcuddursa, ilk olaraq onlar icra edilir. Ancaq gözdə elə xəstəliklər var ki, müalicəsi ancaq cərrahi yolla aparıla bilər. Həmçinin bəzən xəstənin istəyini də nəzərə alaraq cərrahi müdaxilə məsləhət görülə bilir. Məsələn, eynək taxmaq istəməyən xəstələrə, müvafiq yoxlamadan sonra cərrahi müdaxilə məsləhət görülə bilər.

Katarakta, xalyazion, karatakonuson, vitrektomiya, çəpliyin korreksiyası, göz yaşı yolları əməliyyatı, qapaq plastikası, qapaqlarda olan xoş və bəd xassəli törəmələr, arqon lazer fotokoaqulyasiya, barier lazer fotokoaqulyasiya, YAG lazer, refraktiv əməliyyatlar son 1 il ərzində şöbəmizdə icra edilən əməliyyatlardan bəziləridir. Göz əməliyyatlarının heç də hamısı yaşlı xəstələr üçün deyil. Katarakta-el arasında “mirvari suyu” kimi tanınan xəstəlik adətən yaşlılar arasında çox rast gəlinir. Ancaq yaşlılarda refraktiv korreksiya məqsədilə icra olunan eksimer lazer əməliyyatlarının sayı gənclərdə kifayət qədər azdır. Həmçinin 35 yaşdan sonra irəliləməsi dayanan keratokonus xəstələrində “korneal kross linking” kimi əməliyyatlar icra olunmur. Yəni, əməliyyatın yaşlıya və cavan insana icrası xəstəliyin xarakterindən asılıdır.