Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır – ETSN
    • 16-09-2019, 15:59
    • 1 001

Azərbaycanda elektrik və hibrid avtomobillərin istifadəsi təşviq olunmalıdır – ETSN

Nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin azaldılması yollarından biri ekoloji cəhətdən təmiz avtomobillərdən istifadənin genişləndirilməsidir və artıq dünya ölkələrində bu məqsədlə elektrik və hibrid avtomobillərə üstünlük verilir.

News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ətraf mühitə daha az ziyan vuran elektrik və hibrid avtomobillərin istifadəsinin stimullaşdırılması ətraf mühitin qorunmasında vacib rol oynayır.

Azərbaycanda da elektrik və hibrid avtomobillərin istifadəsinin tətbiqi və təşviqi nəticəsində ətraf mühitə atılan zərərli maddələrin həcmini əhəmiyyətli dərəcədə azaltmaq olar. Çünki hazırda ölkədə və paytaxtda atmosfer havasına atılan çirkləndirici maddələrin əksəriyyəti avtonəqliyyatın payına düşür və bu səbəbdən də ölkədə avtoparkın yenilənməsinə ehtiyac var. Bu avtomobillər ekoloji cəhətdən təmiz olmaqla yanaşı, onların yanacaq sərfiyyatı da azdır. R.Hacıyevin sözlərinə görə Azərbaycan Respublikası Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəf kimi götürüb və bu hədəfə nail olmağın yollarından biri kimi ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi göstərilib.

Həmçinin, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda da ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məsələləri öz əksini tapıb.

Afaq Mirayiq