Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
    • 16-09-2019, 22:50
    • 900

Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

Bu gün Hyatt Konfrans Mərkəzində Dövlət Gömrük Komitəsi rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşü keçirilib. 
News24.az xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və komitənin müvafiq qurumlarının əməkdaşları, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, palatada təmsil olunan işadamları və səfirliyin nümayəndələri iştirak ediblər.
Görüşdə Səfər Mehdiyev "Gömrük islahatları prosesində innovativ həllər" mövzusunda çıxış edərək, gömrük sistemində aparılan islahatların mahiyyəti, bu islahatların kontekstində həyata keçirilən innovativ layihələr barədə iştirakçılara ətraflı məlumat verib.
Komitə sədri Alman-Azərbaycan Xarici Ticarət Palatasının İmpuls tədbirinin gömrük-biznes əməkdaşlığında əlverişli mühitin yaranmasına, gömrük sisteminin təkmilləşdirilməsi ilə bağlı bütün maraqlı tərəflərin ehtiyaclarının öyrənilməsinə, problemli məqamların müəyyən edilməsinə və dayanıqlı həllərin işlənib hazırlanmasına xidmət göstərəcəyinə əminliyini ifadə edib.
Daha sonra tədbirdə iştirak edən sahibkarların fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Tədbirin sonunda "My Broker" şirkətinin icraçı direktoru İlqar Vahabov təqdimatla çıxış edib.