Fərhad Bədəlbəyli: “Azərbaycan Şuşasız şikəst qalacaq” – MÜSAHİBƏ – FOTOLAR - VİDEO
    • 23-09-2019, 13:10
    • 2 669

Fərhad Bədəlbəyli: “Azərbaycan Şuşasız şikəst qalacaq” – MÜSAHİBƏ – FOTOLAR - VİDEO

...Qarabağımızın, Şuşamızın Azərbaycan mədəniyyətinə bəxş etdiyi çox uca addır O – Fərhad Bədəlbəyli. Onun özü də, sözü də, olduğu yerdə, istənilən səhnədə, barmaqları dəyən hər bir piano dili də möhtəşəm görünür. Çünki O - Fərhad Bədəlbəylidir. Üzeyir Hacıbəyli ruhuna daim sadiq, yetişdiyi Şuşa torpağını bir an belə unutmayan nadir sənətkarlardandır. Onun ürəyinin hər döyüntüsü Şuşa deyir bu gün. Onun qorxusu çoxdur. Ən böyük qorxusu Şuşanı bir daha görə bilməməkdir – onun üçün nağıla çevrilən başı qarlı Şuşanı... 
İldə bir neçə dəfə görüşüb onunla çoxsaylı söhbətlər edirik. Amma bu dəfə daha fərqliydi görüş... Şuşadan danışanda ilk dəfə göz yaşlarını gördüm Fərhad müəllimin. Hiss elədim ki, torpaq xiffəti Fərhad müəllimin iliyinə-qanına işləyib. Bu özləm canında şəkərə çevrilib. İnamımı xəfifləyib, ümudimi azalıb, bilmirəm. Bir bildiyim o oldu ki, Fərhad müəllim daha Şuşasız yaşamaq istəmir…

Saylarını itirmişəm Fərhad müəllimlə müsahibələrimin. Vaz keçə bilmədiyim və vaz keçmək istəmədiyim qiymətli müsahibimdir O. İstənilən suala heç kim kimi yox – məhz Fərhad Bədəlbəyli kimi cavab verir. Həqiqəti deyir yalnız... Elə o səbəbə də onunla söhbətdən doymuram. 



Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti, Fərhad Bədəlbəylinin News24.az-a müsahibəsini təqdim edirik. 

“Üzeyir bəy musiqimizin peyğəmbəridir”

- Salam Fərhad müəllim, necəsiniz?
 
- Çox sağ olun, əla.

- Hər zaman əla olun. Sentyabrın 18-i Azərbaycan musiqisi üçün çox önəmli təqvimdir – Üzeyir Musiqi Günü. Siz bu günlə bağlı nə deyə bilərsiniz?

- Bu gün ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamda  belə yazılıb: - Üzeyir bəyin Günü. İndi bəzən bunu Milli Musiqi Günü kimi təqdim edirlər. Gəlin, Üzeyir bəyi yaddan çıxarmayaq. Çünki hər şey onun adı ilə bağlıdır. Mən hər zaman xatırlayıram, rəhmətlik Süleyman Ələsgərov deyirdi ki, “biz hamımız Üzeyir bəyin çörəyini yeyirik”. Bu, doğrudan da belədir. Üzeyir bəy nəinki dahi bəstəkardır, eyni zamanda o, böyük vətəndaş, böyük jurnalist idi. O, Qoqolun “Şinel” əsərini tərcümə edib. Yəni, hərtərəfli dahi bir insan idi. Leonardo da Vinçi də beləydi -  rəssam, fantastik layihələrin müəllifi idi. Vasif Adıgözəlov demişkən, “Üzeyir bəy bizim musiqimizin peyğəmbəridir”. 21-ci ildə Üzeyir bəy olmasaydı, inandırıram sizi, bu binaya (Bakı Musiqi Akademiyasını nəzərdə tutur-red - Ü.Q) azərbaycanlılar gəlməzdilər. Bura ya ruslar, ya yəhudilər, ya da ermənilər rəhbərlik edərdilər. Stalin kimi cəllad ona “Üzeyir bəy” deyirdi. Atam Üzeyir bəydən çox danışardı, gülməli hadisələr nəql edərdi. Üzeyir bəyin Prokofyev haqqında fikirləri – fantastik idi. Professorlara da, tələbələrə də deyirəm, bütün uğurlarımız Üzeyir bəylə bağlıdır. O olmasaydı, bizdə nə bəstəkarlıq məktəbi olardı, nə də bu musiqi. Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Əfrasiyab Bədəlbəyli – bütün bu bəstəkarlar Üzeyir bəy məktəbinin yetirmələridir. Deyirlər, Üzeyir bəyin uşaqları yox idi. Bu, çox yanlış fikirdir. Biz hamımız onun uşaqları, nəvələri, nəticələriyik. 

“Qoca Leylilər və Məcnunlar mənə birtəhər gəlir...”

...Bir gecə “Leyli və Məcnun”u yuxuda gördüm. Gördüm ki, səhrada “Leyli və Məcnun” oynayırlar. Leyli 14, Məcnunsa 16 yaşındadır. Qoca Leylilər və Məcnunlar mənə birtəhər gəlir. Əgər mən dediyim şəkildə olsaydı, bu film dünyada nömrə bir olardı. 

- Sizcə, Üzeyir bəyin ruhu bu gün rahatdırmı? 

- Yox! Əlbəttə yox! Hər ilin bu günlərində güllələnmiş heykəllər olan muzeydə oluruq. Həmişə ora gedəndə o heykəlləri öpürəm... Çünki orda, Üzeyir bəyin üzündə (əliylə üzünün sol tərəfini göstərir və səsi titrəyir, gözləri dolur – red - Ü.Q) erməninin güllə yarası var. Bu dərd bizi içimizdən yeyir. Bizə çox böyük acı verir. Bu, faciədir... Üzeyir bəyin, Bülbülün ev muzeyləri, Xan qızının evi, Vaqifin məqbərəsi dağılıb, heç bir şey qalmadı. Məqbərənin açılışında ulu öndərlə birgə atam da, mən də, maestro Niyazi də iştirak edib. İndi eşidəndə ki, Şuşada hansısa bir tədbir keçirilib, mədəniyyət, musiqiylə bağlı nələrsə edirlər... Bu, böyük bir dərddir, çox böyük... Musiqi də silahdır, bəli, biz bu sahədə öz sözümüzü deyirik. İnanmıram ki, biz Şuşanı sülhlə ala biləcəyik. Mən hərbçi deyiləm, düzdür, amma ümidim yalnız onlaradır. Mən Qarabağ icmasının üzvüyəm, neçə dəfə Minsk qrupunun üzvləri ilə görüşmüşəm. Hər dəfə onların üzünə baxanda, “darıxmayın, siz qayıdacaqsınız” deyirlər. Amma heç bir nəticə yoxdur. Günü-gündən də bu problem uzanır... 

“Üzeyir bəyin musiqisi bu gün burda səslənir, amma Cıdır düzündə yox. Belə dərd olar?”




- Cəmiyyətimizin bu itkiylə barışmasından qorxursuz?

- Bəli. Çox qorxuram... Mən qorxuram ki, necə ki, biz Zəngəzuru, İrəvan xanlığını yaddan çıxardıq və qəbul elədik, yeni nəsil üçün də Qarabağ elə olar. Bax, bu olmasın... Qoy, bu dərd daima bizim ürəyimizdə olsun. Bağçada da, məktəbdə də bütün uşaqlar bu dərdi bilsin və unutmasın. Formal şəkildə yox. “Qarabağ” deyəndə onun tarixi, musiqisi, təsviri sənəti, hər bir daşı bütün Azərbaycan vətəndaşları üçün müqəddəs olmalıdır. Amma yenə deyirəm, biz onu tədricən unuduruq. Elə bil toy, bayram ab-havası var. Amma olmamalıdır. Biz bu dərdimizi unutmamalıyıq. Təsəvvür eləmirəm, Şuşanı necə görməmək olar axı?! Tutaq ki, mən görmədim, bəs mənim nəvələrim bundan necə məhrum ola bilər? Üzeyir bəyin musiqisi bu gün burda səslənir, amma Cıdır düzündə yox. Belə dərd olar? O zamanlar Maesto Niyazi, Süleyman əmi, Vasif Adıgöözəlov hamımız bir yerdə Şuşaya gedərdik. Hamısı Şuşaya bağlı olan insanlar idi. İndi orda hansısa bir dılğır erməni kef çəkir. Bu, əlbəttə dəhşətlidir. 

- Maestro Niyazi Sizi övladı hesab edərdi... 

- Bəli, bir dəfə Maestro ilə hansısa rayondan qayıdırdıq. Çox istiydi. Gördük, qızlar pambıq yığırlar. 3-4 avtobus adam idik. Ordan keçəndə dedi, saxlayın, qızlara konsert verək. Dedim,“Maestro, 40 dərəcə istidir, alətlər günün altında birtəhər olacaq”. Dedi, “yox, çalacaqsınız!” Bu konsert o pambıqçı qızlar üçün heç vaxt unutmayacaqları hadisəyə çevrildi. Niyazi, Əfrasiyab, Fikrət müəllim onlarda elə bir hissiyyat var idi ki.. Çalışırdılar adi adamlar da klassik musiqini başa düşsünlər, onun təbliğatı üçün çox çalışırdılar. Başqa biri olsaydı deyərdi, məni başa düşmürlər və adi adamlar üçün çalmazdı. Amma onlar çalışırdılar ki, hamı başa düşsün. Onların qəlbində maarifçilik, musiqini sevdirmək, xalqın musiqi səviyyəsini  qaldırmaq var idi. Bütün bunlar Üzeyir bəydən gəlirdi. Bədəl bəy məktəbi burda tikmədi. Sovetskidə lap yuxarıda, kasıb Azərbaycan ailələri yaşayan yerdə tikdi. Yaxşı ki, o məktəb qalıb. Çox qorxurdum, onu sökərlər. Maarifçilik və təbliğat bu çox önəmli məqamdır. İndi elə bir dövrdür ki, hər şey əl altındadır. Tənbəllik o qədər baş alıb ki, qabaqlarında olan heç nəyə baxmaq istəmirlər. Bu gün internetdə axtarış verirsən və istədiyinə baxıb dinləyirsən. Amma biz əziyyət çəkərdik, bir informasiya üçün günlərlə çalışardıq. İnsanlar klassik musiqilər üçün günlərlə afişa gözləyərdilər. Bir kitab, jurnal, plastinka  üçün növbələrə dayanardıq. Və bu böyük məsuliyyət jurnalistlərin üstünə düşür. Bütün bu yeniliklərdən və müasirlikdən təbliğat üçün istifadə etmək lazımdır. 

- Təəssüf ki, əməkdaşlarımızın şəhər sakinləri arasında keçirdikləri sorğuda əksəriyyət Üzeyir Hacıbəylini tanımadığını deyib. Hətta, Bakı Musiqi Akademiyasının qarşısındakı heykəlin kimə məxsus olduğunu bilmədilər...

- Fransada 1-ci sinifdən sonuncu sinifə qədər musiqi, təsviri sənət, ümumiyyətlə, mədəniyyət problemlərinə böyük önəm verirlər. Orda bu məsələlər qanunla tənzimlənib. Mən hazırda məktəblərdə hansı proqramın olduğundan xəbərsizəm. Məktəblərdə uşaqlar Üzeyir bəy, Yusif Məmmədəliyev, Topçubaşov, Səttar Bəhlulzadə haqqında məlumatlı olmalıdırlar. İndi tələbələrdən soruşsan ki, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov kimdir, bilməyəcəklər. Soruşsan ki, “Sənsiz” romansını kim yazıb? Ümumiyyətlə, romans nədir bilirsizmi? Deyəcəklər, yox. Təqsirkar kimdir? Məktəbin müəllimləri. O dövrlərdə Məhəmməd Əmin Rəsulzadə Bədəl bəyin məktəbindəki bir konsert haqda elə bir məqalə yazmışdı ki. Həmin konsertdə uşaqlar xor oxuyublar. O zaman xora önəm verirdilər. Hələ o vaxtlar savadsızlıq var idi. İndi guya hamı savadlıdır, amma nəticə... Bunların səbəbi təhsildən qaynaqlanır. Təhsilimizdə tamamilə yeni proqramlar, yeni tədris var. İmkanlı adamlar öz uşaqlarını ya fransız, ya ingilis məktəbinə verirlər. Soruşdum ki, niyə məhz fransız və ingilis məktəbləri? Öyrəndim ki, həqiqətən də həmin məktəblərdə uşaqlar səhərdən axşama qədər maraqlı proqramlar, xarici dil öyrənirlər, ondan başqa uşaqlara xüsusi diqqət göstərirlər, eyni zamanda o qədər xoş zaman keçirirlər ki, uşaqların təhsilə marağı artır. Onlar üçün məktəb bayramdır. Amma bəzi uşaqlar məktəbə getməmək üçün bəhanə axtarırlar. 

- O zaman aztəminatlı ailələr neyləsin?

- Bax, dərd bundadır. Üzeyir Hacıbəyli, Azərbaycan mədəniyyəti, musiqisi tədris proqramında yoxdur. Təhsil proqramını dəyişdirmək lazımdır. Mədəniyyət, ümumiyyətlə ayrıca bir fənn olmalıdır. Mədəniyyət nədir? Mədəniyyət özünü aparmağı bacarmaq, içtimai yerdə bərkdən danışmamaq, qışqırmamaq, xanıma hörmət etmək, yaşlı insana yer verməkdir. Bunlar hamısı elementar şeylərdir. Mədəniyyətlə bağlı o qədər informasiya var ki... Musiqi, təsviri incəsənət, ədəbiyyat... Siz baxın, məktəb proqramlarında bu var, ya yox. Bəs, uşaqların, yeniyetmələrin bunu hardan bilməsini gözləyirsiniz? Telekanallarda səhərdən axşamacan əyləncə verilişləri, tok-şoular verirlər. Özü də hamısı da səviyyəsiz, eyni sifətlər... Siz hansısa telekanalda “Sənsiz” və ya “Sevgili canan” romansını eşitmisiniz? 

- Artıq illərdir Qarabağsızıq. Nə o torpağın suyu, nə havası, nə də ab-havası var. Yəni, Qarabağ artıq yetişdirmir... 

- Xan əmi, Seyid Şuşinski, Zülfü Adıgözəlov və s. Qarabağ torpağının, havasının, suyunun bizə bəxş etdiyi muğam ustaları, muğənnilər, bəstəkarlardır. Hamısı oranın suyunu içiblər. İndi bu mühit yoxdur, itib. Bu, çox böyük dərddir. Şuşada ayrı mühit var idi. Şuşa digər rayonlardan çox fərqlənirdi. Xan qızından gələn bir aristokratlıq var idi. Azərbaycanın tamamilə başqa bir parçası idi. Dərd ondadır ki, ən gözəl parçanı götürüblər... Torpaqlarımızı götürüblər...  

“Necə vermişik, elə də qaytarmalıyıq”




- Şuşanı yuxuda görürsünüzmü? 

- Görürəm. Son dəfə qarlı Şuşanı gördüm. Xatırlayıram, ulu öndərlə bir yerdə məqbərə açılışına getmişdik. Yavaş-yavaş qar yağırdı... Küləksiz, sakit hava adama ləzzət edirdi. Qəmər Almaszadə, atam, daha bir neçə başqa sənətkarlar Şuşaya yağan qarın altında dayanmışdılar. Sonra atam üşüdü və biz “Qarabağ” mehmanxanası girdik. Orada çalışan oğlana dedim ki, tez bizə 50 qram araq ver. Dedi, “olmaz, yoldaş Kivorkov tapşırıb ki, iclas qurtarmamış heç kimə içki verməyin”. Mənim Mərkəzi Komitədə dostum vardı- Alxas Əliyev, düşdüm bu yazığın üstünə ki, sən bilirsən kimə “olmaz” deyirsən? Biz orda atamla Şuşanın sağlığına içdik... Əlbəttə tez-tez yuxuda görürəm. Qarlı Şuşa mənim üçün bir nağıl idi... 

- Bu sualı bütün şuşalılar məndən gözləyir, yəqin ki... Şuşanı son dəfə görənlərdən biri də sizsiz. Şuşa necəydi, Fərhad müəllim?.. 

- Mənim ürəyimdə Şuşa yaşayır, ümidim də var. Amma necə vermişik, elə də qaytarmalıyıq. Vuruşmalıyıq! Bu hiss, Qarabağ sevgisi heç zaman ölməməlidir. Erməni kimdir ki, bizim yanımızda. Bizim o boyda ordumuz var. Bilmirəm necə, amma Şuşanı almaq lazımdır. Azərbaycan Şuşasız həmişə şikəst qalacaq...

- Çıxışlarınızın birində demişdiniz ki, Şuşa bizə qayıtsın, ermənilərlə bərabər də yaşayarıq. 

- Ayrı yol yoxdur. Mən həmişə Minsk Qrupuyla danışanda bunu deyirəm. Köçəryan deyir ki, azərbaycanlılar və ermənilər heç zaman bir yerdə yaşaya bilməz. Əslində bu, faşizmdir. Avropalılar bunu başa düşürlər və çox pis qarşılayırlar. Biz normal ermənilərlə yaşaya bilərik. Amma onlar da bizə o qədər dərdi gətirdiklərini başa düşməlidirlər. Əgər Köçəryan düz deyirsə, o zaman bir yerdə yaşaya bilmərik. Əks təqdirdə axıradək savaşmalıyıq. İki yol var - ya onlar qəbul eləməlidirlər ki, bu torpaqlar bizimdir və bir yerdə yaşamalıyıq, ya da vuruşmalıyıq, sonacan vuruşmalıyıq. Ayrı yolu yoxdur. 

- Sonuncu dəfə nə zaman Minsk Qrupunun iclasında olmusunuz?  

- Yarım il bundan əvvəl. Onlar burda olanda mən qastrolda idim. Ora çox fəal yeni bir rəhbər gəlib. Çox savadlı, dinamik, hər hərəkətə reaksiya verən bir nəfərdir. O, daha aktiv olsa, biz də hər şeyə hazırıq. Bu ilin oktyabrında Moskvada Azərbaycan – Rusiya ilə görüş olmalıdır, mütləq gedib orda yenə də sözümüzü deyəcəyik. Hörmətli prezidentimiz bizə dedi ki, siz daha aktiv olmalısınız. Sərt formada tələb etməlisiniz. Biz isə “torpaqlarımızı qaytarın” sözünü utana-utana deyirik. Halbuki tələb şəklində bunu etməliyik. Deməliyik, bu mənim torpağımdır, bu mənim evimdir. Sən mənim evimi aparmısan. Hələ istəyirsən ki, biz çox mədəni şəkildə torpaqlarımızı istəyək?! Eyni zamanda xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları çox aktiv olmalıdır. Neyləyəsən ki, bizdə o birlik yoxdur. Birlik olmayanda da mübarizə apara bilmərik. 

- Qarabağın təbliğatını hansı formada aparılmalıdır ki, uşaqdan böyüyə heç kim unutmasın?

- Bu təbliğat ədəbiyyatla, romanlarla, filmlərlə aparılmalıdır. Elə filmlər çəkmək olar ki... Elə romanlar yazmaq olar ki...

Təqsir özümüzdədir, məndə də, həmkarlarımda da...”

- Bəs, niyə bu ideyalarınızı iclaslarda, görüşlərdə səsləndirmisiniz? 

- Çünki xırda problemlərlə məşğuluq. Təqsir özümüzdədir. Məndə də, həmkarlarımda da. Bizə Niyazilər, Qarayevlər, Səttar Bəhlulzadələr, Tofiq Kazımov, Ədil İskəndərovlar çatmır...

- Fərhad müəllim, dövlət başçısı və I vitse-prezidentin incəsənət və mədəniyyət xadimləri ilə görüşü zamanı Zeynəb xanımın çıxışına müdaxilə etdiniz. Ondan sonra Zeynəb xanımla münasibətləriniz necədir? 

- Çox gözəl. Zeynəb mənim əziz bacımdır. O, çox emosional bir insandır. Hamı onun üstünə düşdü, mən çox pərt oldum. Ona deyilən təhqirli sözləri eşidəndə dedim, bu millət özünü niyə belə aparır?! Deyin ki, biz sizinlə razı deyilik, bu, belə olmamalıdır. Mən elə dedim. Zeynəbi illərdir tanıyıram, o atamla bərabər “Leyli və Məcnun” üzərində işləyib. Mən Zeynəb kimi Leyli görməmişəm. Ona olan münasibətdən sonra düşündüm ki, cəmiyyətdə nə qədər nifrət var. Bu nifrət hardan gəlir, mən bilmirəm. Elə bil hamı bir adamın üstünə düşür və ləzzət alır. Zeynəb mənim üçün hər zaman əziz və doğma bir insandır. 

- Azərbaycanda bir sıra yaradıcı ittifaqlar fəaliyyət göstərir. Çoxları iddia edir ki, artıq yaradıcılıq birliklərinə ehtiyac yoxdur. Siz necə düşünürsünüz?

- Əgər bu ittifaqların ziyalılara köməyi dəyirsə, niyə də olmasın? Nə zamana qədər ki, bəstəkarlar öz mahnılarını, rəssamlar öz əsərlərini, yazıçılar öz kitablarını satıb dolana bilməyəcəklər, gəlir əldə edə bilməyəcəklər, o zamana qədər bu birliklər olmalıdır. Ziyalıların bu gün köməyə ehtiyacı var. Mənzil məsələlərində onlara yardım olunur. Amma ziyalılar da dövlətə kömək olmalıdırlar. Həqiqəti deməlidirlər. 

- Çox qəribədir ki, artıq illərdir Azərbaycanda klassik musiqiyə həvəs heç bir təbliğat yoluyla artmır. Bu, nədən qaynaqlanır? 

- Dəbdən çıxıb ona görə... Vaxtilə klassik musiqi dəbdə idi. Müəllim də, həkim də, fəhlə də, alim də uşaqlarını musiqi məktəblərinə qoyurdular. İndi hamı istəyir ki, uşağı vəkil, prokuror olsun, yaxud texnikayla məşğul olsun. Bizim vaxtımzıda kim mühasib olmaq istəyirdi? İndi hamı bu sənətə can atır. Təbliğat və təhsil, əsas budur! Bacardığımız qədər təbliğ etməliyik. Biz istəyirik bu ənənələri saxlayaq. 1-ci sinifdən 10-cu sinifə qədər musiqi, mədəniyyət təbliğ olunmalıdır. 



- Bu gün Sizinlə rəhbərlik etdiyiniz Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görüşürük. Bu sənət ocağında vəziyyət necədir?

- Çalışırıq hər şey yaxşı olsun. Bizim Kamera Orkestrinə gənc Fuad İbrahimov rəhbərlik edir. Neçə-neçə xarici ölkələrdə çıxış edirlər. Bizim məzunlarımız Dinarə Əliyevayla Elçin Əzizov Böyük Teatrın solistləridir. Eyyub Quliyev Opera Teatrının dirijorudur. Mənim şagirdim Murad Adıgözəlzadə bütün Avropada konsertlər verir. Doğma insan Vasif Adıgözəlovun oğlu Yalçın Adıgözəlov məşhur dirijordur, neçə-neçə ölkələrdə gözəl proqramlarla çıxış edir. Biz Kiyevdə Azərbaycan musiqisini təbliğ edəndə Fikrət Əmirovun əsərləri səsləndi. Yəni yetirmələrimiz işləyirlər, aktivdirlər. UNESCO xətti ilə neçə-neçə tədbirlərə gedirlər və orda uğurla iştirak edirlər. Əslində tələbə olduqları müddətdə işləmələrinə icazə verməməliyəm. Amma mən buna qarşı çıxmıram, şərait yaradıram. Əvvəla ona görə ki, onlar özləri üçün pul qazanırlar, çünki təqaüdləri o qədər də böyük deyil. Həm də onlar simfonik, musiqli komediya orkestrlərində çalışırlar. Öz sənətləri ilə məşğuldurlar. Yəni araq satmırlar, dondurma satmırlar. Ona görə də, imkan yaradırıq ki, çalışsınlar. Yeni gəlmişkən, onu da deyim ki, biz Qəbələdə gənclərə dəstək məqsədilə bir neçə konsertlər təşkil etdik. Çox gözəl çıxış etdilər. İndi bizim çox gözəl fleyta ifa edən tələbəmiz Parisdə Konservatoriyada oxuyur. Ən gözəl ifaçılardan biridir. Nərmin Nəcəfli adlı pianoçumuz Almaniyada uğurla solo- konsert verdi. Toğrul Hüseynli çox böyük bir sənət nümayiş etdirdi. Bilirsiniz ki, onların ailəsində böyük faciə baş verdi. Bizim gözəl dosentimiz Könül xanımın həyat yoldaşı, polkovnik Rəşad Atakişiyev vəfat etdi. Toğrul bacısının ailəsindəki bu ağır itkidən sarsılmasına baxmayaraq, dedi ki,  mən çalacam. Və bu konserti mərhum pilotumuz Rəşad Atakişiyevə həsr edəcəm. Raxmaninovun bir məşhur faciəli konsertini ifa etdi, həm də necə ifa etdi. Mən konsertdən sonra onu qucaqlayıb öpdüm. O, əsl kişi kimi davrandı. Toğrul Almaniyada tez-tez konsertlər verir. Bax, bizim belə uşaqlarımız var, mən onlarla fəxr edirəm.

66 ildir Bakı Musiqi Akademiyasına gedib-gəlirəm

- Fərhad müəllim, rektorluqdan yorulmamısız?

Mən bu binaya 6 yaşımdan gəlib - gedirəm. Düz 66 ildir. (gülür – Ü.Q) Bura doğma evim kimidir. Bizdə müəllimlər var ki, 90 yaşındadırlar. Əlbəttə, çox hərəkət etmək onlar üçün çətindir. Amma yenə gəlirlər. Burda Üzeyir bəyin iyi, ruhu var. Rektor olmasam belə, professor kimi bura gəlib-gedəcəyəm. 

- Fərhad müəllim, 70 yaşınız oldu... 

- Oldu, qeyd etdik. Murad da gəldi, Azər də.Onun dostu, vokalçı “Toska”nın ariyasını oxudu. Mənim “Ave Maria”mı ifa elədilər. Sonra Muradla bir yerdə “Qaytağı” ifa etdik. Həvəsə düşüb “Qızıl üzüy”ü çaldım, Murad ikinci royalda çaldı, Azər də oxudu. Zalda nə qədər azərbaycanlı vardısa hamısı ayaq üstəydi. Onda öz-özümə dedim ki, ay Tofiq müəllim, Allah sizə rəhmət etsin. Necə möhtəşən əsərlər yaratmısınız?!  “Qaytağını”da bütün dünyada çalıram. Vaxtilə böyük Rəşid Behbudov, sonra Xuraman, Lütfiyar, Fidan indi isə Azər.. Deməli, Üzeyir bəyin xətti itmir, yenə də qayıdır. Venesiya olanda düşünürəm ki, Üzeyir bəy görsəydi ki, burda azərbaycanlı oxuyur, necə sevinərdi?!

- Qəbələ demişkən, siz bir neçə il əvvəl orda ev almaq istəyirdiniz aldınızmı? 

- Yox, hələ almamışam (gülür – Ü.Q).  Amma sağ olsunlar, orda olanda mənə hər şəraiti yaradırlar. İcra başçısı dostumdur, çox gözəl insandır. Mənim başqa arzum var. Mən bəzi adamlarla danışdım Qəbələdə Yay Akademiyası yaratmaq istəyirəm. İstəyirəm orda böyük professorlar dəvət olunsun və ay ərzində dərslər keçilsin. Amma bunun üçün vəsait lazımdır. Orda bunun üçün imkanlar, infrastruktur, konsert salonları var. Orda festival yox, mütləq dərslər keçmək lazımdır. Akademiyada dərsləri keçirlər, sonra da yekun konsert verirlər ki, görək, bu bir ay ərzində bizim uşaqlarımız nə öyrəndilər, nə keçdilər?  Özü dəMoskva, Leninqrad Konservatoriyasından böyük professorlar bu işə cəlb olunur. Məsələn, Çingiz Abdullayev gəlsin ədəbiyyat haqqında bir məruzə danışsın, Anar gəlsin onlarla görüşsün. Mən bir neçə belə maarifçi konsert təşkil etmişəm. İdarəçilik Akademiyasında xüsusi konsert düzənləmişik. Orda özüm çalmışam, Murad çalıb. Sonra İqtisad Universiteti üçün də keçən il 70 illiklə əlaqədar konsert elədim. Amma o ənənəvi olmalıdır. Biz tənbəllik edirik. Vaxtilə biz Maestro Niyazi ilə bir yerdə tələbələrə yox, şagirdlərə konsert verirdik. Deyirdim, “Maestro, axı bunlar bizə qulaq asmır”. Deyirdi, “eybi yox, bir-ikisi mütləq qulaq asacaq. Bu musiqilər onun qulağında qalacaq”. O dövrlər Təhsil Nazirliyində xüsusu proqram var idi, şagird abonomenti. Hər şənbə gəlirdilər, bu musiqilərə qulaq asırdılar. Bu, çox gözəl təşəbbüs idi. Demirəm çətin əsərlərə qulaq assınlar. Heç olmasa  Azərbaycan bəstəkarlarının - Qara Qarayev, Üzeyir Hacıbəyov, Fikrət Əmirovun əsərlərini dinləsinlər.  

- Fərhad Bədəlbəyli bu gün solo-proqramla çıxış etmək üçün Şuşanı gözləyir?

-  Təki o gün gəlsin. Mən orda nə istəsəniz edəcəm. Solo, orkestr proqramı, hansı janrda desəniz çalaram. Yetər ki, o gün gəlsin... 




Müəllif: Ülkər Qasımova 
Foto-VİDEO: Fərid Şabanov 
News24.az