Fuad Muradov İstanbul valisi ilə GÖRÜŞDÜ
    • 24-09-2019, 18:24
    • 894

Fuad Muradov İstanbul valisi ilə GÖRÜŞDÜ

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbul valisi Ali Yerlikaya ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, görüşdə bir sıra məsələlər, o cümlədən 1990-cı illərdə Türkiyəyə köçmüş və orada qeyri-rəsmi məskunlaşmış azərbaycanlıların problemləri ilə bağlı müzakirələr aparılıb.

Görüşdə Azərbaycanın İstanbul şəhərindəki Baş konsulu Məsim Hacıyev, İstanbul şəhər Miqrasiya idarəsinin rəhbəri Recep Batu iştirak edib.

Dövlət Komitəsinin sədri F. Muradov İstanbul şəhərindəki qeyri-rəsmi məskunlaşmış azərbaycanlıların problemlərinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nəzarətində olduğunu və bununla əlaqədar hər iki ölkənin müvafiq dövlət qurumları, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında konkret tapşırıqlar qoyduğunu bildirib.

Komitə sədri Bakıda keçirilmiş Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokolunda problemin həlli ilə bağlı vacib müddəaların əks olunduğunu xatırladıb.

Komitə sədri qeyd edib ki, məsələnin sürətli və səmərəli həllində sənədin imzalanması böyük əhəmiyyət kəsb edir.

İstanbul valisi Ali Yerlikaya problemin həlli istiqamətində bütün zəruri tədbirlərin həyata keçirilməsinə hazır olduqlarını qeyd edib. /APA/