Prezident və xanımı “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında -FOTO-VİDEO -YENİLƏNİB
    • 25-09-2019, 17:02
    • 3 203

Prezident və xanımı “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında -FOTO-VİDEO -YENİLƏNİB

Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.

News24.az 
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində nəhəng layihələr icra edilir. Bütün bunlar vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına, insanların rahatlığının, təhlükəsizliyinin təmin olunmasına yönəlib. Hazırda ölkədə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı görülən işlər də məhz bu amildən qaynaqlanır.

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, son illərdə nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə bir sıra layihələr icra olunub. Bu layihələrdən biri də ictimai nəqliyyat sistemində yenilik olan Nəqliyyat Mübadilə mərkəzlərinin - HUB-ların yaradılmasıdır. Bu konsepsiyada əsas məqsəd sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi, şəhərdə nəqliyyatın mobilliyinə nail olunması, Bakının mərkəzi hissəsində nəqliyyat sıxlığının aradan qaldırılmasıdır. Bu layihənin icrası vətəndaşların rahatlığı ilə yanaşı, sərnişindaşımada təhlükəsizlik baxımından da mühüm rola malikdir.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Qeyd edildi ki, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığındakı bu Nəqliyyat Mübadilə Mərkəzi ilk HUB olaraq 2016-cı ildə təşkil edilib. Pilot layihə olaraq mərkəz əvvəlcə yüngül konstruksiyalardan hazırlanmışdı. Lakin sonradan əhalidən gələn müraciətlərlə əlaqədar “Koroğlu” HUB 2019-cu ildə əsaslı şəkildə yenidən qurulub və burada müasir nəqliyyat infrastrukturu yaradılıb.

Dövlətimizin başçısının tapşırığına əsasən, Agentlik tərəfindən Bakı şəhərinin əsas giriş-çıxış ərazilərində 5 böyük HUB təşkil edilib, şəhər və qəsəbələrdə isə 6 kiçik HUB-ın yaradılması planlaşdırılır. Bütün mərkəzlərdə buradakı kimi ən yüksək şərait yaradılacaq.

Prezident İlham ƏLİYEV: Əlbəttə, biz bu sahəyə böyük diqqət göstəririk. Çünki vətəndaşların rahatlığı hər şeydən üstündür. Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür. Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır.

x x x

Məlumat verildi ki, paytaxtın yollarında yeni səkilər salınıb, görmə əngəlli vətəndaşlar üçün şərait yaradılıb. Hökumət evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur. Yolun 100 metrlik hissəsi artıq hazırdır. İndi velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır. Bu yolun salınmasında əsasən yerli materiallardan istifadə edilir. Bakı şəhərində ümumilikdə 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur.

Diqqətə çatdırıldı ki, şəhərdə parklanma ilə əlaqədar ilkin mərhələdə 600-dək yer müəyyənləşdirilib. İndi bu istiqamətdə infrastruktur işləri görülür.

Sonra dövlətimizin başçısı və birinci xanım platformalarda və gözləmə zallarında yaradılan şəraitlə maraqlandılar.

Bildirildi ki, burada dörd platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda müasir informasiya texnologiyaları avadanlığı, havalandırma sistemi ilə təchiz edilmiş 10 gözləmə zalı var. Gözləmə zalları Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix, idman sahələrində əldə etdiyi uğurları, zəngin dəyərləri əks etdirən yazılı və qrafik məlumatlar əsasında tərtib edilib. Hər bir zalda maarifləndirici məlumatlarla yanaşı, kitab rəfləri də quraşdırılıb. Gözləmə zalları ilə yanaşı, mərkəzdə 5 köşk, 1 idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı inşa edilib. Zallar içməli su ilə də təmin olunub.

Ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edəcək. Ümumilikdə isə gün ərzində Bakı şəhərində 2,2 milyon sərnişin daşınır. Burada hər bir marşrut xətti üzrə avtobuslar üçün dayanacaq yeri müəyyən edilib, məlumatlandırıcı lövhələr yerləşdirilib.

Paytaxtın avtobus parkının yenilənməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 300 yeni avtobus sifariş olunub. Avtobuslardan 168-i artıq BNA-ya təhvil verilib. Oktyabrın sonunda avtobusların sayı 200-ə çatdırılacaq. Ümumilikdə bütün avtobusların ilin yekununda təhvil verilməsi planlaşdırılır.

Prezident İlham Əliyev burada yaradılmış şəraiti yüksək qiymətləndirdi.

Mərkəzin əsas özəlliklərindən biri də ərazidəki istirahət parkıdır. Parkda qurulan ən müasir işıqlandırma sistemi gecələr buraya xüsusi gözəllik bəxş edir.

Prezident İlham ƏLİYEV: Biz bu parkı mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl yaratmışıq. İndi bura gözəl bir istirahət zonasıdır. Bu da parka bitişik olan bir yerdir. Burada gözəl şərait var. Biz böyük bir ərazini ictimai yerə çevirdik. Çünki bəzi fikirlər var idi ki, burada tikinti aparılsın, binalar tikilsin. Mən icazə vermədim, dedim ki, bura vətəndaşların rahatlığı üçün ictimai zona olmalıdır. İndi bura böyük ərazidir. Şəhərin mərkəzində yeni gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb.

x x x

Sonra dövlətimizin başçısı və birinci xanım Türkiyənin BMC şirkətinin istehsalı olan avtobusa baxdılar.

Məlumat verildi ki, sərnişindaşıma tələblərinə tam cavab verən bu avtobuslar rahatlığı ilə fərqlənir. Avtobusların ən üstün cəhəti onun sıxılmış təbii qaz mühərrikli olmasıdır. “BakuBus” MMC üçün əvvəllər sifariş edilən avtobuslar 300 kilometr məsafə qət edə bilirdisə, sıxılmış təbii qaz mühərrikli avtobuslarda bu məsafəni 600 kilometrədək artırmaq mümkün olub. Bu avtobusların salonu və mühərrik sistemi tamamilə dəyişdirilir. İyirmi altı oturacaq yeri olan avtobusların ümumi sərnişin tutumu yüz nəfərlikdir.

Prezident İlham Əliyev əlavə müasir avtobusların alınması ilə bağlı tapşırıqlarını verdi. /azertag/

x x x

Qeyd edək ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istər yol hərəkətinin təşkili, istərsə də sərnişindaşıma sahəsinə müsbət töhfə verəcək. Bu mərkəz şəhərdaxili və şəhərlərarası avtobuslar, metro və dəmir yolu nəqliyyatı kimi ictimai nəqliyyat növlərini birləşdirən və onların arasında daşımaları asanlaşdıran nəqliyyat infrastrukturudur. HUB konsepsiyası əsasən şəhərətrafı ərazilərdən şəhər mərkəzinə gələn avtobusların hərəkətinin mərkəzləşdirilmiş şəkildə təşkili, həmçinin sərnişindaşımada səmərəli idarəetmənin və nəzarət mexanizminin gücləndirilməsində mühüm rol oynayır.

Son illərdə dövlətimizin başçısının sərəncamlarına, tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakının qəsəbə və kəndlərində müasir yollar salınır, orada yaşayanların sosial məsələlərinin həlli üçün konkret addımlar atılır. Bu mərkəzin yaradılması da bu istiqamətdə atılan addımların ardıcıl xarakter aldığını göstərir. Belə ki, bu infrastruktur Bakının qəsəbələrində yaşayanların şəhər mərkəzinə, həmçinin əks istiqamətə rahat və təhlükəsiz hərəkətini təmin etməklə, ümumilikdə, paytaxtda sərnişindaşıma xidmətinin müasirləşdirilməsinə töhfə verəcək.

*** 15:28

Sentyabrın 25-də Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.