-
- 1-10-2019, 21:51
- 690
“Siyahıyaalınma bizə daha dəqiq məlumat verəcək” - İlham Əliyev
"Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək".
News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən növbəti siyahıyaalınmada iştirakı zamanı siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib ki, bu, hər bir ölkə üçün çox önəmli tədbirdir: "Azərbaycanda da siyahıyaalınma tədbirləri müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl keçirilmişdir. Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş vermişdir. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı təxminən iki dəfə artırıldı. Həmçinin pensiyalar, tələbələrin təqaüdləri, müavinətlər artırıldı. Yəni, sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir".
"Əlbəttə, müstəqillik dövründə Azərbaycanın əhalisi təxminən 3 milyon artmışdır. Bu da bizim mövqelərimizi möhkəmləndirir, ölkəmizi gücləndirir. Eyni zamanda qarşımıza yeni çağırışlar çıxır. Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək. Baxmayaraq ki, biz ölkəmizdəki prosesləri yaxından izləyirik və bu proseslər müsbət istiqamətdə gedir. Siyahıyaalma 10 gün ərzində keçiriləcək və bu gün artıq bu proses başlayır. Əminəm ki, 10 gün ərzində Azərbaycan əhalisinin tam şəkildə siyahıyaalınma prosesi başa çatacaq və bizə iqtisadi inkişafla, infrastrukturla, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumat verəcək ki, gələcək inkişafımızı necə planlaşdıraq. Bizdə əmək resursları artır. Əlbəttə ki, tədbirlər gərək bu artıma uyğun olsun", - deyə Prezident İlham Əliyev vurğulayıb.