"Televiziyalarımız yerli kliplərə soyuqqanlıqla yanaşır və yayımlamır..." - FAİQ AĞAYEVDƏN SƏRT TƏPKİ  - VİDEO
    • 3-10-2019, 14:59
    • 827

"Televiziyalarımız yerli kliplərə soyuqqanlıqla yanaşır və yayımlamır..." - FAİQ AĞAYEVDƏN SƏRT TƏPKİ - VİDEO

"Çağırılan hər yerə getmirəm. İlk olaraq dəvətlərə nəzər salıram, daha sonra isə seçim edirəm, çünki buna hüququm var".

Bu sözləri News24.az-a adətən qalalarda və şou-biznes nümayəndələrinin çoxluq təşkil etdiyi tədbirlərdə az-az görünən Xalq artisti Faiq Ağayev deyib. O, həmçinin də sonuncu cəsarətli açıqlamasından söhbət açıb: "Çörəklə tualet kağızını müqayisə etməzlər. Edilir deyə bu barədə danışdım, çünki acınacaqlı vəziyyətdə yaşayırıq. Məşhurluq göstərici deyil. Hər iki variant populyardır, amma biz hansını seçirik? Daha keyfiyyətlisini və yaxşısını. O, fikri anlamayan insanlar varsa çox yazıq".

Xalq artisti yeniliklər barədə də məlumat verib: "Bir ay öncə Heydər Əliyev Mərkəzinin qarşısında konsertim oldu. Amma dekabr barəsində hələki düşünürəm. Baxarıq çünki hazırlıqlı olmaq lazımdır. 31 il ərzində bəlkə 25 ilimi, ad günümü məhz Heydər Əliyev Sarayının səhnəsində keçirmişəm. Bu yaxınlarda çox maraqlı layihə təqdim edəcəm. Bununla yanaşı 3 müxtəlif aranjemançı tərəfindən 7 yeni mahnı hazırlanılır, onları nümayış etdirəcəm. Bir sözlə gərgin iş gedir".

"Sizi aktyor kimi filmlərdə görəcəyikmi?" sualına isə Ağayev özünəməxsus şəkildə cavab verib: "Bizim rejissorlar yəqin mənə qonorar verməkdən qorxurlar. Çünki aktyor kimi çoxdan özümü təsdiq etmişəm. Hər şey qonorara bağlı deyil. Yaradıcı insanam, ideya xoşuma gələ bilər. Ona görə də, gözləyirəm, rejissorların təkliflərinə açığam".

Xalq artisti Faiq Ağayev klip bazarı məsələsinə də toxunub: "Televiziyalarımız yerli ifaçıların kliplərinə soyuqqanlıqla yanaşır və yayımlamır. Təkçə MTV Azərbaycandan başqa. Düzdür son bir ildə canlanma var, yeni kliplər çəkilir. İnsan işi görüb onu kənara qoymamalıdır. Klipi sevənlərimizə nümayış etdirmək üçün edirik. Bu yaxınlarda mənim də yeni klipim işıq üzü görəcək".

Sevda Bayramova
Video: Fərid Şabanov