Nazirlik: Bu il 19998 əlil reabilitasiya vasitəsi ilə TƏMİN EDİLİB
    • 8-10-2019, 15:40
    • 686

Nazirlik: Bu il 19998 əlil reabilitasiya vasitəsi ilə TƏMİN EDİLİB

Cari ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 6336 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, onlardan 750 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 809 əlil arabası, 873 aşağı və yuxarı ətraf, habelə döş protezi, 970 aşağı və yuxarı ətraf ortezi, 4417 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 429 korset, 530 cüt protez ayaqqabı, 2728 cüt ortopedik ayaqqabı, 516 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 1911 qoltuqaltı və dirsəkaltı ağac, 956 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.

Ümumilikdə, 2019-cu ilin yanvar-sentyabr aylarında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 19998 reabilitasiya vasitəsi verilib,  506 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.