Şəhriyar Del Gerani imzasından imtina etdi
    • 8-10-2019, 23:59
    • 2 597

Şəhriyar Del Gerani imzasından imtina etdi

"Bu gündən şair olaraq "Şəhriyar Del Gerani" imzasından imtina edirəm. Bu imzayla daha heç vaxt şeir yayımlamayacağam".
News24.az xəbər verir ki, bu fikirləri şair Şəhriyar Del Gerani öz şəxsi hesabında paylaşıb. Belə ki, "Darıxmağın adı" (2015), "Gecəniz şeirə..." (2019) adlı iki şeir kitabın, 100-150 şeirin müəllifi olan Şəhriyar imzasından imtina edib:
"Şeir, İlahi faktdır, nəsr isə, insan faktı. Nəsrdə davam edəcəyəm çox yəqin. Amma şair kimi imzasız davam edəcəyəm. Heç bir şeirimin altına imza qoymayacağam. Zənimcə, Allahla danışılacaq sözləri gərək bəndələrə deməyəsən. Elə şeirlər var ki, mən orada özümü asi görürəm. Düşünürəm, mən bu şeiri yazmalı deyildim. Onda şeir olardı yaşamaq üçün. Şeiri yaşamaq lazımdır. Bu, daha ali həqiqətdir. O mərhələyə çatmaq lazımdır. Mən indi imzadan imtina etmək istəyirəm. İmzada eqoizm var. İmzasız şeirlər yazmaq istəyirəm. Sadəcə şeirlər... Rast ki, mən bu dilin şairiyəm, bu dili mənə xalq verib, mən də bu dildə xalqa gözəl şeirlər bəxş etməliyəm. Xalqın dilində yazılan mətnin müəllifə nə ehtiyacı var axı? Dilin özü şeirdir də. Şeiri dil özü yazır, sadəcə sən vasitəsən. Müəllif Allahdır, dil də özü şeirdir. Bu müstəvidə sən ən yaxşı halda dil maklerisən. Başqa heç nə".
"Başa düşürəm, bu, Azərbaycan cəmiyyəti üçün yad addımdır. Amma bu, mənim gəldiyim son qənaətdir. Allah məni bu məqama layiq bildi və yetişdirdi. Bundan sonrakı şeirlərimi bu möhtəşəm xalqın şeirləri, nəğmələri kimi oxuyacaqsınız. Allah necə haqdı?!
Eşqlər!"- deyə şair əlavə edib.