“Könüllülər Yurdu – Azərbaycan” layihəsinə START VERİLDİ - FOTO
    • 10-10-2019, 16:10
    • 1 261

“Könüllülər Yurdu – Azərbaycan” layihəsinə START VERİLDİ - FOTO

“ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Gənclər Fondunun birgə tərəfdaşlığı ilə “Könüllülər Yurdu – Azərbaycan” layihəsinə start verilib.

News24.az xəbər verir ki, layihə çərçivəsində ilk tədbir 10 oktyabr tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gerçəkləşib.

“Könüllülər Yurdu – Azərbaycan” layihəsinin məqsədi region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaqdır.

Cari ilin oktyabr ayından növbəti ilin yanvar ayınadək həyata keçiriləcək layihə çərçivəsində Bərdə, Sumqayıt, Masallı, Bakı, Quba, Şamaxı, Qəbələ, İmişli, Mingəçevir, Şəki, Qax, Biləsuvar, Şəmkir, Qazaxda müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.

Hər bir regionda 2 gün ərzində təşkil olunacaq tədbirlərdə maarifləndirici təlimlər, o cümlədən sosial yönümlü aksiyalar reallaşdırılacaq.

Müvafiq regionlarda yaşayan gənclər üçün peşəkar təlimçilər tərəfindən könüllülük fəaliyyətinin prinsinpləri və əhəmiyyəti,  sosial həyatda rolu, mövcud imkanlar, fərdi inkişaf, ictimai ünsiyyət və davranış qaydaları və s. mövzularda interaktiv təlimlər, mühazirələr təşkil olunacaq.  

Ümumilikdə 2000-dən çox gəncin və müxtəlif yaş qruplarına aid olan 3000-dən çox vətəndaşın layihəyə cəlb olunması nəzərdə tutulur.