"Heç bir infeksiya ana südü ilə uşağa keçə bilməz"- RÜSTƏM HÜSEYNOV
    • 17-10-2019, 11:13
    • 1 301

"Heç bir infeksiya ana südü ilə uşağa keçə bilməz"- RÜSTƏM HÜSEYNOV

Azərbaycanda son bir neçə aydır ki, ana südü ilə bağlı UNİSEF və Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiya tərəfindən böyük bir proqram hazırlanır".

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, yalnız bu il deyil, ümumiyyətlə bu proqram daim davam edir:" Anaların bu sahədə bilikləri yetərincə deyil. Amma tibb işçiləri tərəfindən ana südünün dəstəklənməsi ilə bağlı təbliğat aparılır".

Baş neonotoloq Azərbaycan xəstəxanalarında ana südünün verilməməsi ilə bağlı deyilən fikirlərə də münasibət bildirib:"Ana südü ilə bağlı yanlış fikirlər var. Mediada bu məsələ şişirdilib. Bəzi həkimlər o qədər də dərk etmirlər. Kimsə özünü reklam edir. Bu, Azərbaycanda tək- tək hallarda baş verir. Heç bir sahə demək olmaz ki, arzuladığımız səviyyədədir. Tibb də onun kimi. Elə olmasaydı, dünyada heç bir problem qalmazdı. Yenə də deyirəm, tək- tək hallarda ola bilər. "Bütün Azərbaycanda tibb bacıları, doğum müəssisələri belə işləyir" demək düzgün deyil. Mən öz xəstələrimə də övladlarını ana südü ilə qidalandırmağı tövsiyə edirəm. "Qurani -Kərim"də də deyilib, tibb də təsdiqləyib ki, uşaqlara iki il ana südü verilməlidir".

R.Hüseynov ana südü vasitəsilə uşağa hər hansı xəstəliyin keçməsi məsələsinə də münasibət bildirib: "Heç bir infeksiya ana südü ilə uşağa keçə bilməz. Yalnız ana ağır dərmanlar qəbul edərsə, bunun fəsadları ola bilər".

Afaq Mirayiq