-
- 19-10-2019, 01:22
- 740
Avtobusda dava düşdü
13 nömrəli xətt üzrə hərəkət edən avtobusda dava düşüb.
News24.az xəbər verir ki, axşam saatlarında avtobusda istidən və havasızlıqdan halı pisləşən sərnişinlərin xahişinə baxmayaraq sürücü kondisioneri yandırmamaqda inad edib. Hadisə yerində olan müxbirimiz yazır: "Tibb universiteti" dayanacağında sərnişinlərin: "Havasızlıqdır, istidir, zəhmət olmasa kondisionerləri yandırın" xahişlərinə sürücü Vəliyar Mehdiyev məhəl qoymur. Sərnişinlərdən bir neçəsi pəncərəyə döyür, səsini qaldırır, amma sürücü reaksiya vermir. Son anda sərnişinlərin aqressivləşdiyini gördükdən sonra "Pəncərələri bağlayın!" deyərək səsini çıxardı. Az qala elə bilmişdik ki, kardır, bizləri eşitmir. Sən demə sərnişinləri saymadığını göstərərək Bakı Nəqliyyat Agentliyinin sərnişinlərə "yüksək" xidmətindən xəbər verirmiş".
Qeyd edək ki, bu günlərdə Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev mövcud problemlə bağlı saytımıza açıqlama verərkən bildirmişdi ki: " Hazırda kondisionerlərin işi hava şəraitinə uyğun olaraq tənzimlənir. Bir daha göstəriş verilib ki, sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemləri işlək vəziyyətdə saxlanılsın".
Görünür, ya sürücülər işlədikləri qurumun göstərişinə tabe olmur, ya da qurum cavabında bizə yanlış informasiya verir. Əks halda hər gün "Bakubus" avtobuslarında bu davalar yaşanmaz, səslər ucalmaz. Səhər durub işinə gedən, axşam işdən yorğun çıxan insanlar bu məşəqqəti yaşamamalıdır!
Onu da bildirək ki, bu xətt üzrə marşrutdan istifadə edən daimi sərnişinlərin sözlərinə görə sözügedən sürücü hər zaman onlara qarşı kobud və saymaz davranır.