Azərbaycanda xərçəngə tutulan qadınlara dəstək - “Saçım saçın olsun”
    • 24-08-2018, 14:24
    • 1 045

Azərbaycanda xərçəngə tutulan qadınlara dəstək - “Saçım saçın olsun”

Dünyanın bir çox ölkəsində baş tutan “Saçım saçın olsun” layihəsinə artıq Azərbaycanda da start verilib. Layihənin əsas məqsədi xərçəng və ya digər xəstəliklər səbəbindən saçlarını itirən xanımlara təbii saçlarla dəstək olmaqdır. 

Belə ki, uzun saçlı xanımlar öz saçlarını kəsdirərək təbii parik hazırlanması üçün bağışlayaraq xeyriyyə kompaniyasında iştirak edir. Layihə rəhbəri Sevinc Məmmədovanın sözlərinə görə, qısa müddət ərzində onlarla xanım saçını bağışlamaq üçün müraciət edib:

“Təbii saçdan hazırlanmış pariklərin minimum qiymətinin 300-400 manatdan başladığını nəzərə alsaq, onsuz da müalicəsi çox baha başa gələn xanımların bu məbləği ödəməyə imkanının yetməyəcəyini görərik. Saç qadının gözəlliyinin ən vacib elementidir, çətin zamanlardan keçən bu xanımlar üçün atılmış ən kiçik addım belə böyük motivasiya olur. Buna görə, qərara aldım ki, ölkəmizdə də "saçım saçın olsun" adlı aksiyaya başlayaq. Layihə Türkiyədə, eləcə də dünyanın bir çox ölkəsində çox effektli alınıb”. 

Layihə rəhbəri deyir ki, hazırda evində ona bağışlanan xeyli saç olsa da, ancaq həmin saçlardan təmənnasız parik hazırlamağa könüllü ustalar tapa bilmir. Odur ki, artıq ən azı yarı qiymətinə bu işi öhdəsinə götürücək salon və ya şəxslər axtarışındadır:
“Belə bir problemlə qarşılaşacağımızı heç gözləmirdim. Qısa müddət ərzində xeyli insan saçını bizə bağışlamaq istəsə də, həmin saçlardan təmənmasız olaraq parik tikmək istəyən salon və saç ustası tapa bilmirik. Məşhurlara müraciət etmişəm, ya deyirlər vaxtları yoxdur, ya da ki belə layihəyə maraqlı deyillər. Qaynaq üçün könüllü ustalar var. Ancaq Bizə əsas parik tikəcək şəxslər lazımdır”. 

Daha bir məyus edici məqam isə, sosial şəbəkə fenomenlərinin, xüsusilə də, qadın bloqqerlərin bu layihə ilə bağlı paylaşıma biganə yanaşmasıdır:
“Onlar da deyir ki, bu, bizim maraq dairəmizdə deyil. Ancaq bilməliyik ki, bir qadına verdiyimiz müəyyən miqdar saçla ona özgüvən, sevinc, ən əsası yaşamaq eşqi bəxş edə bilərik”.






//Qafqazinfo