Azərbaycanda estetik əməliyyatlar niyə ölümə aparır? - ARAŞDIRMA
    • 29-10-2019, 17:20
    • 2 622

Azərbaycanda estetik əməliyyatlar niyə ölümə aparır? - ARAŞDIRMA

Son dövrlər Azərbaycanda estetik əməliyyat zamanı ölənlərin sayı artıb.

Bir neçə gün öncə Bakıda “MedAura” klinikasında 37 yaşlı Pərvanə Ağayeva anesteziya edildikdən sonra dünyasını dəyişib. Gözəlləşmək istəyərkən həyatla vidalaşan yalnız Pərvanə deyil. Azərbaycanda son aylarda daha bir sıra uğursuz plastik əməliyyatları misal çəkmək olar. Məsələn,  1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra ölüb. Digər uğursuz əməliyyat isə “Baku Medical Plaza”da baş verib. Liposaksiya əməliyyatı keçirən həkim-ginekoloq Sona Gürgün Vəliyeva cərrahi müdaxilədən sonra dünyasını dəyişib. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan ginekoloqu əməliyyat edən həmkarı isə adı daha əvvəl də xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçqani olub. 
Qısası, plastik əməliyyatlar zamanı ölüm halları ilə bağlı siyahını artırmaq olar. Ən pisi isə odur ki, əvvəlki illərlə müqayisədə Azərbaycanda belə əməliyyatlarda ölənlərin sayı çoxalmaqdadır. 

Bəs, estetik əməlliyatlar zamanı ölüm halları hansı səbəbdən baş verir? Harda yanlışlığa yol verilir, günahkar kimdir, həkimlər, pasiyentlər, yoxsa tibb? 

Məlumat üçün bildirək ki, qonşu ölkə - Rusiya Səhiyyə Nazirliyinin estetik əməliyyatlarla bağlı xüsusi əmri var. Pasiyentlər əməliyyatdan əvvəl ciddi şəkildə yoxlanılmalıdır. Hər bir klinikada anestezologiya və reanimasiya, şüa, ultrasəs və rentgen diaqnostikası şöbəsi fəaliyyət göstərməlidir. Eyni zamanda, əməliyyat zamanı, yaxud ondan sonrakı stasionarda olduğu müddətdə istənilən növ anesteziya aparıldıqda, həkim anestezoloq-reanimatoloq, plastik əməliyyat növbətçi briqada ilə təmin edilməlidir. 

Cənubi Koreyada isə plastik əməliyyatdan əvvəl pasiyentin psixoloji durumu yoxlanılır. Eyni zamanda plastik prosedurdan əvvəl məcburi qaydada xəstənin ürəyi, böyrəkləri, ağciyəri, arterial təzyiqi müayinə olunur. Əməliyyat keçirildiyi gün həmin müayinələr təkrar bir daha aparılır və pasiyentin vəziyyəti ilə bağlı dəyişikliklər yekun olaraq razılaşdırılır. 

“Azərbaycandakı estetik əməliyyatlarda ölüm halları araşdırılmır, gizlədilir”

Estetik cərrah Adil Qeybulla News24.az-a bildirdi ki, Azərbaycanda əməlliyyat öncəsi xəstələr dərin yoxlanılmır: “Estetik əməliyyatlar xəstənin öz arzusu ilə həyata keçirilən cərrahi müdaxilələrdir. Və dünyanın heç yerində bunun sığortası yoxdur. Bu əməliyyatlar ödənişlidir və bunlara digər pasiyentlər kimi baxılmır. Təəssüflər olsun ki, bu xəstələr çox vaxt dərin yoxlanmırlar. Estetik əməliyyatın həcmi ilə bağlı xəstənin durumu nəzərə alınmır. Hesab edirəm ki, estetik əməliyyata gedən adamlar əslində ciddi şəkildə müayinə olunmalıdırlar. Hər bir ölüm halının səbəbi araşdırılmalıdır. Bu səbəblər ümumiləşdirilməlidir və bilinməlidir ki, plüm hansı səbəblərdən baş verir. Əslində baş verən bu təcrübədən nəticə çıxarmaq lazımdır, epizodik hallar olur, danışılır, ötüb gedir. Təəssüflər olsun ki, mahiyyətə varılmır, gizlədilir və yaxud araşdırılmır. Ola bilər ki, pasiyentin elə bir xəstəliyi var ki, onu əməliyyat etmək olmaz, xəstə risk qrupuna daxildir. Bu araşdırılmalıdır. Bunu da ancaq məhkəmə tibb ekspertizası müəyyən edə bilər”. 

Cərrahın sözlərinə görə, əvvəllər burun əməliyyatı edən adamlar utanırdılar: “Üzə çıxmırdılar, amma indi hamı burnunun üstünə yara bandı yapışdırıb gəzir, bununla da fəxr edirlər. Xarici ölkələrdə belə estetik əməliyyata gedənlər əvvəlcə psixoloqla görüşürlər. Çünki əsasən belə insanların psixikasında problem olur. Psixoloq onları inandıdırır ki, bu əməliyyata ehtiyac yoxdur. Elə insanlar var ki, anadangəlmə qüsurlu olur, belə insanları anlamaq olur. Amma təbilik daha gözəldir. Estetik əməliyyatlar çox böyük risqdir. Əvvəla bu insanların formasını dəyişdirir. Həmin adamlar bilməlidirlər ki, onlardan olan uşaqlar genetik olaraq genində hansı burun forması varsa, onu götürəcəklər. Eyni zamanda bu sünilik yaradır. Estetik əməliyyatla mən də məşğulam. Amma mən əməliyyata ehtiyacı olmayan adamları bu addımı atmaqdan çəkindirirəm. Görünən tərəf odur ki, bu cür adamlarda kompleks yaşanır. İnsanlar arasında sanki bir yarışma var. Qadınların cəmiyyətdə sosial payı artdıqca, bu cür əməıliyyatlara meyl də artır. Düşünürəm ki, bu, səhv yoldur. Məsələn, xarici ölkələrlə müqayisə etsək, görərik ki, kompleksizdirlər və bu amil orada şəxsiyyətin inkişafına, formalaşmasına maneçilik törətmir. Xarici görünüşün rolu önəmli deyil. Yəni insanın özünü cəmiyyətdə tapması üçün burnunu əməliyyat etmək önəmli deyil”. 

Azərbaycanda son dövrlər estetik əməliyyata üz tutanların da sayı artıb. Əvvəllər tanınmışlar, üzdə olan insanlar estetik əməliyyat edirdilərsə, indi demək olar ki, hər kəs bunu elətdirir. Səbəb nədir, insanlar özlərini bəyənmir, yoxsa başqa bir səbəb var? 

“İnsanlar həyatı bahasına böyük əməliyyatlara girirlər”

Sosioloq Əhməd Mənsurov bizimlə söhbətdə bildirib ki, son dövrlərin əsas problemlərindən biri insanların xəyali obrazlara daha çox üstünlük vermələridir: “Xəyali fantaziyalar getdikcə günümüzün reallığına çevrilir. Xarici görünüşlə bağlı müəyyən formalar gündəmdə olur. Burda sosial şəbəkələrin, multimedia vasitələrinin güclü təsiri var. Bu baxımdan, ulduz simaları, yaxud daha çox məşhurlaşan, sosial şəbəkələrdə gündəmi zəbt edən şəxslərin görkəminə uyğun olmaq sindromu yaranıb. Maraqlısı budur ki, insanlar öz xarici görünüşləri ilə bağlı kompleksləri məhz bu trendləri, cəmiyyətdə ümumi hesab olunan, məşhur olan xarici görünüş simvollarını öz üzərində tətbiq etməyə başlayırlar. İnsanlar mənəvi həyatlarından uzaqlaşırlar. Daha çox özünü mənəvi tapa bilməyən insanlar diqqət mərkəzində olsunlar deyə, xarici görünüşündə dəyişiklik edirlər və bununla da özünü təsdiq etməyə çalışırlar. Bir insan öz mənəvi həyatında, karyerasında uğur qazanmağa çətinlik çəkirsə, özünə inamı başqa sahələrdə tapır. Bu fərdi xarakter daşısa da, gündəmdə olan məsələlər bu sahəyə ciddi təsir edir. Yəni gündəmdə olan xarici görkəm formaları daha sonra nümunə kimi ötürülür. Oxşarlıq, onları yamsılama simulyasiya və yaxud onlar kimi olmaq həvəsi, xüsusilə, gənclərdə üstünlük təşkil edir. Lakin bunun zərərləri olduqca çoxdur”.

“Sevgi, emosiyalarla dolu insanları itirməyə başlayırıq...”

Sosioloq təəssüflə qeyd edir ki, insanlar həyatı bahasına böyük əməliyyatlara girirlər: “Sanki trenddə olan görkəmi əldə etmək üçün psixoloji həddi keçib bu mərhələyə çatırlar. Daha bir məsələ də onunla bağlıdır ki, insanlar real həyatda özlərini təsdiqləməlidirlər. Təəssüf olsun ki, media vasitələri, TV-lər, sosial şəbəkələr yolu ilə təbliğ olunan xarici görkəm formaları, estetik formalar sayəsində qayğıkeş, mənəvi baxımdan zəngin, sevgi dolu insanları itirməyə başlayırıq. İnsanlar daha çox üstünlüyü xarici görünüşlərinə verməkdə görürlər. Belə olan halda da mənəvi dəyərlər yaddan çıxır. Getdikcə həmin dəyərlərdən uzaqlaşırlar. Bunun da ən ciddi təhlükəsi ondan ibarətdir ki, kommersiya təşkilatlarının, bu sahədən gəlir götürən şəxslərin, sahibkarların , eləcə də həkimlərin xüsusi marağı olur ki, estetik əməliyyat geniş vüsət alsın. Yenə də əziyyət çəkən cəmiyyət, mənəviyyatdan uzaqlaşan gənclərimiz olur. Onlar daha çox virtual aləmdə yaşamağa başlayırlar. Acınacaqlısı odur ki, bir simaya bənzəmək dəbdədirsə, demək sabah o sima dəyişəndə maraqlar da dəyişəcək. Gündəm dəyişdikcə, həmin şəxslər yenə əziyyət çəkəcəklər. Bu il bir burun forması dəbdədirsə, sabah başqa burun forması dəbdə olacaq. Onlar yenə kompleks yaşayacaqlar. Amma biz yenə də həmin insanları qınaya, onlar arasında ayrı-seçkilik eləyə bilmərik. Onlar bizim cəmiyyətin üzvləridi. Çünki hər kəs estetik, xoş görünmək istəyir”.

Afaq Mirayiq