Roza Zərgərli konsertinin əsl məqsədini açıqladı – FOTOLAR - VİDEO
    • 25-08-2018, 17:41
    • 1 010

Roza Zərgərli konsertinin əsl məqsədini açıqladı – FOTOLAR - VİDEO

Müğənni Roza Zərgərli bu gün baş tutacaq konserti ilə bağlı mətbuat konfransı edib.

Media nümayəndələrini bir araya toplayan ifaçı tədbirlə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Konsertinin aparıcısı Cavid Gülü həmkarı Murad Əzimzadənin əvəzləyəcəyini bildirən R.Zərgərli sözlərinə belə davam edib:

“Mətbuat konfransını konsert günü etməyimin səbəbi var. İstədim ki, məhz bu gün sizlərə konsertdən əldə olunan gəlirin xeyriyyə işinə xərclənəcəyini bildirim. Əvvəlcədən gecənin adını xeyriyyə qoysaydım , deyəcəkdilər ki, bilet satışı üçün edir. Öncə 1000 bilet satışa çıxardıq.

Hazırda isə 1200 satılıb. Eşitdiyimizə görə, satılan biletlər maklerlərin əlindədir. Dəyərindən daha baha satırlar. Bu da məni sevindirir”.

O, bu konsertin silsilə xarakterli olacağını bildirib:

“Bu il iki yaxın dövlətdən, Türkiyə və Gürcüstandan müğənni dəvət etdik. Gələn il isə bütün yay ərzində bir çox dövlətlərdən ifaçılar dəvət edib, konsertlər verəcəyik”.

Mətbuat konfransında iştirak edən gürcüstanlı müğənni Dato Xujadze Roza Zərgərli haqda danışıb:

“O gözəl, ağıllı və yaxşı ifaçıdır. Möhtəşəm musiqiçi olması mənim üçün çox vacibdir. Maraqlı adamlarla işbirliyi qurmaq çox maraqlıdır”.

Roza Zərgərli gürcü həmkarı ilə işbirliyinin olub-olmayacağı barədə də açıqlama verib:

“Dato ilə işbirliyimizin olmasını prodüserlərimiz qərarlaşdırmalıdır. Çünki duetdən hansısa xeyir gəlməlidir. Buna görə də hər şeyi zaman göstərəcək. Dostluğumuzu isə heç kim bölə bilməz”.

R. Zərgərli tezliklə ölkənin əsas səhnəsinə çıxacağını da deyib:

“Mən vətənpərvər insanam. Mənim xaricdən olan qonaqlarım başımın tacı, gözümün bəbəyidir, amma öz xalqımın ifaçıları, starları mütləqdir. İnşallah, Heydər Əliyev adına Sarayda baş tutacaq konsertimdə heç kim olmayacaq. Dato və bir çoxları qonaq kimi iştirak edəcək”.

Teymur Məmmədov

FOTO/VİDEO: Nurlan Gülməmmədov