-
- 4-11-2019, 21:29
- 1 311
AZƏRBAYCAN RADİOSU 93 - FOTOLAR
Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
News24.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında gerçəkləşən tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Azərbaycan Dövlət Televiziya və Radiosunun tarixindən danışılıb, cəmiyyətimiz üçün əhəmiyyəti vurğulanıb. Bildirilib ki, 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, teleradio fəaliyyəti Azərbaycan mədəniyyətinin güzgüsüdür: "Teleradio fəaliyyəti Azərbaycan mədəniyyətinin və incəsənətinin formalaşmasında mühüm rol oynayıb. Teleradio eyni zamanda Azərbaycanın siyasi salnaməsini yaradır. Ümumilli lider Heydər Əliyev teleradio fəaliyyətinə böyük önəm verirdi. Azərbaycanda teleradio fəaliyyəti mühüm inkişaf yolu keçib və xüsusilə müstəqillik illərində bu sahə xeyli inkişaf edib. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Azərbaycanda mətbuat üzərindən senzuranı götürməsi teleradio fəaliyyətinin inkişafına da mühüm təsir göstərdi. Bu gün Azərbaycanda kifayət qədər müstəqil teleradio kampaniyaları fəaliyyət göstərir. Bu gün Azərbaycan teleradio kampaniyaları müasir texnologiyalar və avadanlıqlarla təmin olunub və dünyanın qabaqcıl teleradio kampaniyaları ilə rəqabət aparmaq qabiliyyətindədir. Teleradio kampaniyaları bu gün Azərbaycanı, ölkənin mədəniyyətini həm regionda, həm də dünyada layiqincə təbliğ edir".
Əli Həsənov qeyd edib ki, siyasətçilər üçün teleradio fəaliyyəti ictimai-siyasi salnaməni yaratmaqla məşğul olmaqdır: "Teleradio işçiləri Azərbaycan tarixinin, mədəniyyətinin salnaməsinin yaradıcısıdır. Bütün dövrlərdə teleradio fəaliyyətinə Azərbaycanın salnaməsini yaradan bir qurum kimi baxmışıq. Sosial şəbəkələrdə Azərbaycan əhalisi çox aktivdir. Azərbaycanda əhalinin 82 faizi aktiv sosial şəbəkə istifadəçisdir. Bu aktivlik də, təbii ki, söz azadlığından irəli gəlir. Televiziya işçiləri siyasətimizin video və audio salnaməsini yaradırlar. Eyni zamanda yaratmaqla da dünyaya təqdim edirlər".
Daha sonra çıxış edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Azərbaycanda teleradio fəaliyyəti ən mühüm fəaliyyət sahələrindən birinə çevrilib: "Teleradio KİV-lər arasında öncül mövqeyini qoruyub saxlaya bilib. Sovetlər dövründə məhdudiyyətlərə baxmayaraq, o zaman Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri teleradio sahəsində gözəl bədii mühit yaratmağı bacarmışdı. Müstəqillik illərində Azərbaycanda özəl televiziya kanalları yarandı və teleradio sahəsinə bir zənginlik gətirdi. Müstəqillik illərində teleradio yayımının üsulları dəyişdi, efir yayımından başqa kabel yayımı, internet yayımı, peyk yayımı kimi yayım üsulları meydana gəldi və bu sahə daha da zənginləşdi. Eyni zamanda Azərbaycanda ixtisaslaşmış kanallar da meydana gəld. Mədəniyyət, idman, xəbər kanalları yarandı və bu, teleradio sahəsində çox ciddi bir uğurdur. Ümummilli lider Heydər Əliyev tərəfindən teleradio sahəsinə göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Sevda Bayramova
FOTO: Fərid Şabanov