Ayaz Mütəllibov etiraf etdi: “İndi elə bir vəziyyətdəyəm ki, yalnızlığın ən ağır formasını yaşayıram
    • 5-11-2019, 01:00
    • 816

Ayaz Mütəllibov etiraf etdi: “İndi elə bir vəziyyətdəyəm ki, yalnızlığın ən ağır formasını yaşayıram"

“Son günlər aparılan islahatları müsbət dəyərləndirirəm. Çox yaxşı haldır ki, pensiya yaşı çoxdan keçmiş bəzi məmurlar da cənab Prezidentin çağırışına etinasız yanaşmadılar, istefa verdilər”.

News24.az bildirir ki, bu fikirləri modern.az-a açıqlamasında Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov aparılan islahatlarla bağlı danışarkən deyib.

O bildirib ki, gənclərə həmişə yol vermək lazımdır: 

“Savadlı və peşəkar gənclərə yol vermək, onlara dəstək olmaq lazımdır. Vəzifələrə təyinat alanların gənc olması dövlətin apardığı güclü siyasətdən xəbər verir. Çünki gənclər müasir dövrü çox yaxşı anlaya bilirlər. Onların hər birinə uğur arzulayıram”.

Ayaz Mütəllibov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mərhum eks-prezident Əbülfəz Elçibəyin evinin təmir etdirməsinə də münasibət bildirib: 

“Bu xəbərə çox sevindim. Mehriban xanımın bu addımını müsbət qiymətləndirirəm. Hər adam ehtiyacı olanların yanında durmağı bacarmır. Çox sağ olunsun Mehriban xanım, belə bir işi həyata keçirdi”.

Ayaz Mütəllibov şəxsi həyatından da söz açıb: 

“İndi elə bir vəziyyətdəyəm ki, kiminləsə fikirlərimi bölüşə bilmirəm. Xanımım bu dünyadan getməklə təkliyin necə bir əzab olduğunu mənə göstərdi. Kişi üçün çox çətindir. Dörd divar arasında onu axtarıram. Dərdləşmək, söhbətləşmək istəyirəm. Yalnızlığın ən ağır formasını yaşayıram. Başqa nə deyim ki?! Acını sözlə ifadə etmək olmur. Onu ancaq yaşadıqca dözülməz bir şey olduğunu hiss edirsən”.