-
- 5-11-2019, 20:37
- 758
XİN: Qondarma rejimin “nümayəndəsi”nin Moskvaya səfəri ilə bağlı məlumatlar araşdırılır
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəisi Leyla Abdullayeva ölkəmizin işğal edilmiş ərazilərindəki qondarma rejimin “nümayəndəsi”nin Moskvaya səfəri ilə bağlı KİV-də yayılmış məlumatlara münasibət bildirib.
L. Abdullayeva News24.az -a açıqlamasında deyib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçisi” Masis Mayilyanın Rusiya Federasiyasının paytaxtına getməsi ilə bağlı mətbuatda yayılan məlumat araşdırılır.
"Bu “səfər” çərçivəsində qanunsuz rejimin “nümayəndəsi”nin kimlərlə görüşdüyü, hansı tədbirlərdə iştirak etməsi kimi məsələlər dəqiqləşdirilir.
Bilirsiniz, diplomatiyada hər hansı məsələ ilə bağlı xarici ölkə səfirinin XİN-ə çağırılacağı xəbərini öncədən elan etmək təcrübəsi mövcud deyil. Bu ciddi bir addımdır və əlbəttə ki, buna öncədən müvafiq məlumatı toplamaqla hazırlaşmaq lazımdır. Mətbuata isə səfirin çağırılması ilə bağlı məlumat post-factum, yəni hadisə baş verdikdən sonra verilir. Müşahidələrim onu deməyə əsas verir ki, bəzi jurnalistlər bu məsələdə əsassız səs-küy qaldırmağa çalışırlar. Fikrimcə, məsələyə aydınlıq gətirilməsi üçün professional yanaşma nümayiş etdirərək XİN-in Mətbuat xidmətinə müraciət edilə bilərdi. Biz isə ünvanlanan bütün müraciətləri, əlbəttə ki, məsələ üzrə ətraflı məlumat toplandıqdan sonra cavablandırırıq.
Azərbaycan tərəfinin qanunsuz oyuncaq rejimin “nümayəndələri”nin xarici ölkələrin ərazisinə daxil olması məsələsində nümayiş etdirdiyi yanaşma birdir və bu yanaşma hər bir kəsə eyni şəkildə şamil olunur. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi məsələsi bizim hamımız və bütün xalqımız üçün olduqca prinsipial məsələdir", - deyə L. Abdullayeva vurğulayıb.