Azərbaycan Bolqarıstana etiraz NOTASI VERDİ
    • 8-08-2019, 16:44
    • 1 086

Azərbaycan Bolqarıstana etiraz NOTASI VERDİ

Bolqarıstan parlamentinin üzvləri Valeri Simeonov və Yordan Apostolovun bu ilin 6-7 avqust tarixlərində ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri və burada qondarma separatçı rejimin “nümayəndələri” ilə keçirdikləri görüşlərlə bağlı Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən etiraz notası Bolqarıstan Xarici İşlər Nazirliyində keçirilmiş görüş zamanı qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu barədə News24.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edir ki, ermənipərəst mövqeyi ilə tanınan deputat V.Simeonovun bu, ölkəmizin işğal edilmiş ərazilərinə 3-cü qanunsuz səfəridir, onun adı 2016-cı ildə həyata keçirdiyi icazəsiz səfər nəticəsində “işğal edilmiş ərazilərimizə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşları” siyahısına daxil edilib: "Deputat Y.Apostolova gəldikdə isə, ölkəmizin işğal olunmuş ərazilərinə icazəsiz səfər edən digər xarici ölkə vətəndaşlarının halında olduğu kimi, onun da bu səfəri eyni hüquqi nəticələri doğuracaq".