Yırtıcı heyvanların kəndlərə hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA
    • 8-11-2019, 16:00
    • 1 594

Yırtıcı heyvanların kəndlərə hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Payız və qış fəsli yaxınlaşdıqca canavar və digər yırtıcı heyvanların kəndlərə hücumu artır.

News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, bunun səbəbi heyvanların yem bazasının azalması, qida ilə bağlı axtarışa çıxması və daha çox qida əldə etməyə çalışmasıdır:"Bu heç də canavarların sayının çox olması ilə bağlı deyil. Biz bu məsələ ilə bağlı AMEA nın Zoologiya İnsitutuna müraciət etdik, bizə bildirildi ki, ölkədə canavarların sayı 2000 baş həddindədir. Bu da ümumi qəbul edilmiş dinamikadan çox da fərqli deyil. Canavarların heyvanlara hücum etməsini digər səbəbi yaşayış məntəqələrinin sayının artması və insanların yırtıcı heyvanların yaşayış arealına girişi ilə əlaqədardır. Son dövrlər insanlar dağ ətəyi yerlərdə evlərinin olmasına üstünlük verir".

H.Əlizadə yırtıcı heyvanlar üçün meşədə yemin qoyulmasının effektiv olmayacağını qeyd edib:"Az və nadir saylı ölkələrdə meşələrdə heyvanlar üçün yem qoyulması halı olur. Canavar 40-60 km yolu miqrasiya edə bilər. Onun yolunu bilmək çətindir. Ona görə də onlara yem qoymağı effektiv saymıram. İnsanlar daha məsuliyyətli olmalıdır. Çox az sayda ölkələr, o cümlədən Azərbaycan kənd təsərrüfatı heyvanları saxlamaq qaydalarına riayət etmir. Heyvanları açıb buraxırıq, sonra da belə hallar olur. Zaqatalada canavarın qoyunlara hücum etməsi halı olub, 7 qoyuna hücum edib. Araşdırdıq ki, fermerlər toya gedib, qoyunları açıq ərazidə qoyublar və heyvan yiyəsiz qalıb. Heyvanları qorumaq üçün elektrik çəpərinin çəkilməsindən istifadə oluna bilər".

H.Əlizadə qeyd edib ki, canavarların sayı təhlükəli həddə çatarsa, o zaman nazirlik tərəfindən müdaxilə oluna bilər.

Afaq Mirayiq