Fazil Mustafa:
    • 14-11-2019, 14:52
    • 1 097

Fazil Mustafa: "İş tapmayanlar taksi sürür"

“Azərbaycanda məhkəmə islahatı ciddi şəkildə aparılmalıdır. Bu sahə ilə bağlı iki ay ərzində təkliflər verilməsi tapşırılsa da, 7 ay keçməsinə baxmayaraq, hələ də təkliflərdən xəbər yoxdur. Bu o deməkdir ki, islahatların ləngidilməsi istiqamətində də müəyyən mesajlar verilir”.

Bu ikirləri deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Deputat sahibkarlar üçün nəzərdə tutulan faizlərin aşağı salınmasındakı problemlərə də toxunub: “Bəzi sahibkarların əlində torpaq var və müəyyən çətinliklər içərisində buna görə icarə haqqı ödəyirlər, amma orada istehsal müəssisəsi yaratmaq üçün aşağı faizli kredit almaq istəsə də, verilmir. Sonradan onun hüququnu qoruyacaq məhkəmə sisteminə ehtiyac var, lakin bunu da əldə edə bilmir. Belə olan halda iqtisadiyyat necə inkişaf edəcək? Vergi siyasəti də bunla bağlıdır ki, vətəndaş qazanmalıdır ki, dövlətə vergi ödəsin”.
F. Mustafa əlavə edib ki, bu gün Azərbaycan cəmiyyətinin nə siyasi, nə də başqa sahəvi problemləri var: “İnsanların əsasən iqtisadi problemləri var. İnsanların əksəriyyəti adi qaydada çalışaraq pul qazanmaq imkanından məhrum olur. Ona görə də dövlətə vergi də ödəmirlər, siyasiləşməyə üz tuturlar. Çünki öz sahəsində məşğulluq əldə etmirlər. Hesab edirəm ki, vergi siyasətində bu istiqamət əsas götürülməlidir. Bir misal çəkim ki, bu gün ölkədə fəaliyyət göstərən taksi sürücüləri hansısa sahənin mütəxəssisləridir. Amma iş tapa bilmədiyinə görə, bu işlə məşğul olmağa məcbur olurlar”.
Milli Məclisin sədri Oqtay Əsədov deputatın məhkəmə islahatı ilə bağlı təkliflərin gecikməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Onun sözlərinə görə, “Məhkəmə hüquq sistemində islahatlar haqqında” qanun layihəsi Milli Məclisə daxil olub: “Layihə komitələrdə baxılır. Büdcə müzakirələrindən sonra plenar iclasda müzakirəyə çıxarılacaq”. /publika.az/