İlham Həsən Almaniyada həbs olunması xəbərini təkzib etdi
    • 15-11-2019, 01:35
    • 999

İlham Həsən Almaniyada həbs olunması xəbərini təkzib etdi

Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən Almaniya polisi tərəfindən saxlanılması ilə bağlı iddialara münasibət bildirib.
 
News24.az xəbər verir ki, İ.Həsən barəsində yayılan məlumatların əsassız olduğunu bildirib: “Barəmdə yayılan xəbərlərdən təəccübləndim. Telefonumu itirmişəm deyə, sosial şəbəkələrə girə bilmirəm. Ümumiyyətlə, sosial şəbəkələrə girməyə o qədər də vaxtım olmur. Bilmirəm, bu xəbəri kim və nə məqsədlə yayıb. Polis tərəfindən saxlanılmağımla bağlı iddialar əsassızdır, məlumatlar yanlışdır, insanları çaşdırır. Telefonuma zəng çatmaması insanların narahatlığını daha da artırıb, düşünüblər ki, əgər saxlanılmayıbsa, o zaman niyə telefona cavab vermir... Nə mənim, nə də Müsavat AKM-in polislə hər hansı işimiz yoxdur. Bu məlumatlardan istifadə edərək Müsavat Partiyasını şantaj etməyə çalışırlar”.
 
Xatırladaq ki, noyabrın 13-də Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb. Onların barələrində həbs qətimkan tədbiri seçilib. Həbs edilənlər arasında Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsənin, Müsavat Partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəylinin, Müsavat AKM-in üzvü Abdin Cavadovun, Müsavat Partiyasının üzvü Elşən Abdullayevin də olduğu iddia edilir.
(Pravda.az)