Naftalanda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi İSTİFADƏYƏ VERİLDİ
    • 15-11-2019, 15:01
    • 1 754

Naftalanda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi İSTİFADƏYƏ VERİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naftalan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. 

News24.az-ın məlumatına görə, mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Rüstəm Ağayev, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova qeyri-hökumət təşkilatlarının nümayəndələri, əlilliyi olan şəxslər və b. iştirak edib. C.Əbdül-Qədirov bildirib ki, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların tibbi-sosial reabilitasiya imkanlarının genişləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm tərkib hissəsidir. Eyni zamanda, dövlət başçısının tapşırıqlarına əsasən, reabilitasiya mərkəzlərində müasir tələblərə uyğun şərait yaradılır. Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində, bu günlərdə istifadəyə verilən Yevlax Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb.

Bu istiqamətdə işlər Naftalanda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzini də əhatə edib. Açılışı olan bu müəssisədə də müasir tələblərə cavab verən bərpa müalicəsi şəraiti yaradılıb.  Xidmət rəisi Mərkəzdə il ərzində 600-dək əlilliyi olan şəxsə xidmət göstəriləcəyini diqqətə çatdırıb. Bildirib ki, müəssisə yeni müasir tibbi-reabilitasiya aparatları, avadanlıqlarla da təchiz edilib. Burada əlilliyi olan şəxslərə effektiv  fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin Naftalan nefti ilə sınanmış müalicə prosedurları tətbiq ediləcək. Eləcə də əlilliyi olan şəxslər müalicə idmanına cəlb olunacaq. Hazırda digər bir çox reabilitasiya mərkəzlərində də əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Nazirliyin Bakıda və regionlarda 14 bərpa mərkəzi vardır və bərpa mərkəzləri şəbəkəsi ölkə boyu genişləndiriləcək, bölgələrdə yeni reabilitasiya müəssisələri yaradılacaq.  Qeyd edilib ki, yeni qurulan “Reabilitasiya” altsistemi əlilliyi olan şəxslərin reabilitasiyası işinin təşkilində bərpa müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları arasında elektron müstəvidə məlumat mübadiləsinə imkan verir və əilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu həmin Komissiyalar tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında şəffaf, obyektiv şəkildə  həyata keçiriləcək. A.Cabbarova ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiyası üçün geniş imkanlar yaradılmasının, müasir tələblərə uyğun reabilitasiya müəssisələrinin açılmasının Prezident İlham Əliyev tərəfindən həssas qruplara xüsusi qayğının bir nümunəsi olduğunu bildirib. İctimai birliklərin nümayəndələri, əlilliyi olan şəxslər ildən-ilə gücləndirilən sosial müdafiə tədbirlərindən razılıqla bəhs ediblər. Onlar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması, eyni zamanda bu kateqoriyadan olan vətəndaşların sağlamlıqlarının bərpası, reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi sahəsində aparılan mühüm işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.  Sonra mərkəzdə yaradılan şəraitə baxış olub.