Maye qazın qiymət artımı avtobus gediş haqlarına da təsir edəcək?
    • 16-11-2019, 19:36
    • 966

Maye qazın qiymət artımı avtobus gediş haqlarına da təsir edəcək?

Xəbər verdiyimiz kimi ötən həftə Azərbaycanda maye qazın (LPG) satış qiyməti 45 qəpikdən 65 qəpiyə qaldırıldı. Bəs mayə qazın qiymətindəki artım əlaqədar seqmentlərə təsir edəcəkmi?


News24.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Akif Nəsirli “Yeni Sabah”a bildirib ki, bu inflyasiya təzyiqlərini artırmağa səbəb olacaq:

“Yanacaq istənilən sahədə göstərilən xidmətin maya dəyərində xüsusi çəkiyə malik olan elementlərdən biridir. Ona görə də mayə qazın birdən-birə təxminən 25%-dən çox bahalaşması sözsüz ki, mayə qazdan istifadə edən nəqliyyat vasitələrinin göstərdiyi xidmətin, daşınan məhsulun dəyərinə təsir edəcək. Sahibkarın xərcləri artacaq. Gələcəkdə sahibkarlar qiyməti tənzimləyən Tarif Şurasıdırsa, ora müraciət edəcəklər, ya da özləri qiymətləri müəyyən qədər qaldıracaqlar. Ümumiyyətlə, bu cür qiymət artımları inflyasiya təzyiqlərini artırmağa səbəb olacaq”.

Ekspertin fikrincə, bu addım həm də sahibkarın xərclərini artıracaq: 

“Bu addım yəqin ki, maye qazla işləyən maşınların sayının azalmasına hədəflənib. Halbuki benzinlə, dizellə işləyən avtomobillərə nisbətən qazla işləyən avtomobillər daha az atmosferə zərər vurur. Bu mühərriklər ekoloji cəhətdən daha səmərəlidir. Ölkədə qaz və hibrid tipli mühərriklərin idxalı stimullaşdırılmalıdır. Azərbaycan ərazisində daha çox məskunlaşma olan ərazilərdən biri Abşeron iqtisadi rayonundakı havada çirklənmə normadan üç dəfə çoxdur. Hətta müstəqil ekspertlər bunun 6-7 dəfə çox olduğunu bildirirlər. Sadəcə Abşeron xeyli küləkli zona olduğu üçün bu çirklənmə tez-tez təmizlənir. 

Digər tərəfdən isə qazla işləyən mühərriklər sahibkarlar üçün daha səmərəlidir. Biz nəyə görə sahibkarın xərclərini artıran qərarlar verməliyik? Əgər biz ölkədə iqtisadi artımın stimullaşdırılmasını hədəfləmişiksə, sahibkarın xərclərinin azalmasına yönəlmiş addımlar atmalıyıq, onlar üçün daha münbit  şərait yaratmalıyıq”.