-
- 23-11-2019, 22:13
- 858
Ceymi Devis Bakıda ilk dəfə çıxış edib
Noyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində klassik cazın sevilən simalarından olan Ceymi Devis Bakıda ilk dəfə konsert verib. Dərin, güclü, məxməri bariton səsə sahib olan ifaçını bəzən “şokoladlı səs” kimi də təqdim edirlər.
News24.az xəbər verir ki, Bakıdakı konsertində tamaşaçılara unudulmaz caz axşamı bəxş edən sənətçinin proqramı caz üslublarının qarışığından ibarət olub. “Salam Bakı” sözləri ilə tamaşaçıları salamlayan ifaçı Azərbaycan paytaxtını ilk baxışdan sevdiyini bildirib.
C.Devis bir üslubdan digərinə asanlıqla keçid edərək populyar kompozisiyalardan klassik ariyalara qədər bənzərsiz ifası ilə tamaşaçılarda xoş ovqat yaradıb. Konsert boyunca caz iprovizələri ilə tamaşaçıların qəlbinə yol tapan ifaçının çıxışı gurultulu alqışlarla qarşılanıb.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi çoxsaylı musiqi layihələri həyata keçirir. Bu sıradan muğam-caz, etno-caz layihələri də tamaşaçı rəğbəti qazanaraq diqqət çəkir. Həmçinin Bakıda hər il ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Caz Festivalı da məhz Muğam Mərkəzinin səhnəsindən tamaşaçılarla görüşə gəlib.