Millət vəkilləri: “Futbolumuz o qədər pis gündədir ki, 40 arvad yığışıb ağlamalıdır”
    • 24-11-2019, 11:58
    • 785

Millət vəkilləri: “Futbolumuz o qədər pis gündədir ki, 40 arvad yığışıb ağlamalıdır”

Millikomandamız seçmə mərhələni 1 xalla tamamladı. Bununla isə tarixinin ən bərbad göstəricisini təkrarladı. Yığma sonuncu dəfə 24 il öncə - 1995-də qrupu 1 xalla bitirmişdi.
News24.az bildirir ki, bu biabırçı nəticədən sonra “hədəf taxtası”nda baş məşqçi Nikola Yurçeviçlə yanaşı, AFFA rəhbərliyidir. Futbol ictimaiyyətinin əksəriyyəti hazırkı rəhbərliyi tənqid etməklə yanaşı, artıq onların vaxtının dolduğunu düşünür.
Bunu yalnız millinin uğursuz nəticələri ilə yox, daxili çempionatın da bərbad vəziyyətdə olması ilə əlaqələndirirlər. Təbii ki, futbol ictimaiyyəti ilə yanaşı, siyasi xadimlər də məsələyə biganə qalmırlar.
Hazırkı vəziyyətdə əsas günahkarın kim olduğunu, AFFA rəhbərliyinin gedib-getməməsinin vacibliyini və ölkə futbolunun necə xilas ola biləcəyinin yolunu öyrənmək üçün millət vəkilləri ilə əlaqə saxladıq.
Aqil Abbas: “Milli komanda uduzub? Nə danışırsız, elə şey olar? Axı bu şərəf işi idi? Nəsə belə şeylər danışırdılar. Nə deyim, heç nə. Açığı, indiki vəziyyətdə AFFA rəhbərliyinin istefa verməsi ilə heç nə düzəlməyəcək. Deyək ki, onlar getdi, məni gətirib qoydular. Nə olacaq ki? Mənə elə gəlir ki, ölkə futbolunu düzəltmək uzun bir proses olacaq. AFFA hazırda Bakı çempionatı keçirir. Ölkə çempionatı keçirilsəydi, bu vəziyyətə düşməzdik. Azərbaycanda futbol şəhərlərinin hamısı futbolsuz qalıb. Lüksemburqun 40 min əhalisi, 14 komandası var. Ancaq 500 min əhalisi olan Gəncə futbolsuz qalıb. Milli komandanın da nəticəsi göz qabağındadır. Birinci bu biabırçılığa görə Nikola Yurçeviç getməlidi, ikinci onu bura gətirənlər. Kim gətiribsə, çıxıb cavab versin. Görək bu Yurçeviçi hardan eşələyib tapıblar, hansı zibilxanadan gətiriblər. Bu nə deməkdi? Bu nə futboldu? Futbolda adam udar da, uduzar da. Ancaq bu dərəcədə biabırçılıq olmaz. Biri var idi, 10 xal yığmışdı. Yazıq getdi burdan. Qurban Qurbanova heç 6 ay vaxt vermədilər. Futbol təsərrüfatımız o qədər pis gündədi ki, bunun üçün 40 arvad yığışıb ağlamalıdır. Təbii ki, bütün bunlara görə federasiya rəhbərliyi məsuliyyət daşıyır. AFFA rəhbərliyi çıxıb bir dəfəlik deməlidi ki, yeni proqram tərtib etmişik. Və bunu tətbiq edəcəyik. 2005-ci ildə möhtərəm prezident futbolun inkişafı ilə bağlı sərəncam imzalamışdı. O zaman müyyən irəliləyişlər oldu. Rayon komandaları yarandı. Ancaq sanki qəflətən bir badalaq gəldi. Hamısı dağıldı. “Xəzər Lənkəran” kimi komanda dağıldı. İndi də “Qəbələ” dağılmağın astanasındadır. Təbii ki, hamısında günahkar AFFA-dır”.
Fazil Mustafa: “Milli komanda 0:2 yaxşı uduzdu. Bakıda 1:5 uduzmuşduq, irəliləyiş var (gülür). Əslində mən uğursuzluğun səbəbini tam olaraq AFFA rəhbərliyinə bağlamıram. Futbolun təbiəti başqadı. Əvvəla, bu sahəyə iş adamları cəlb edilməlidi ki, bu işə pul qoysunlar. Yalnız AFFA-nın səyləri ilə belə rəqabətsiz futbolda yetkin komanda formalaşdırmaq mümkün deyil. Açığı, bu dəfə qrupumuz da güclü idi. Biz bu qrupda kimdən xal ala bilərdik? Bir tək Xorvatiyadan xal ala bildik. Uels, Slovakiya, Macarıstan, Xorvatiya hamısı bizdən güclüdü. Hamısı favorit komandalardı. Bizim potensialdakı komandalar üçün bu qrupda xal qazanmaq real deyil. Yenə qrupda Andorra, Lixtenşteyn olsaydı, heç olmasa, bir qələbə qazanardıq. Məsəl var ki, adamı bəd işə göndərib, adını yarıtmaz qoyurlar. Rəqiblərimizin güclü çempionatları da var. Mən hesab edirəm ki, futbolu inkişaf etdrimək üçün ilk növbədə bazar iqtisadiyyatı çərçivəsində iş adamları qrupu yaradılmalı və onlar bu işə əl qoymalıdılar. Ancaq demək olar ki, hazırda ölkədə müstəqil iş adamları yoxdu. Məsələn, o vaxtı İmişlidə komanda yaransa da, bir günə dağıldı. Tovuzdakı komanda premyer-liqaya gələ bilmir. Artıq “Qəbələ” də deyəsən, dağılmaq üzrədi. Hələ məncə, AFFA pul xərcləyib bir az onları ayaqda saxlayıb. Olmasa, necə olacaq? Təbii ki, AFFA uğursuzluqlara görə məsuliyyət daşıyır. Ancaq futbolun da öz reallıqları var. O cümlədən basketbolun da. Görün hələ basketbol nə gündədir. Gürcüstanla müqayisədə xeyli problemlər var. Onların pulu da bizdən çox deyil axı. Gördüyünüz kimi, bütün sahələrdə olduğu kimi, futbolda da problemlər var. Təbii ki, bu məğlubiyyətlər xoşagələn deyil. Ən azı gələcək üçün yaxşı işlər görülməlidir”.
/Futbol+/