"Bir ailənin daxilində şiddət varsa..." -
    • 30-11-2019, 13:50
    • 3 085

"Bir ailənin daxilində şiddət varsa..." -"Liatris Holding"-dən SOSİAL AKSİYA - FOTO - VİDEO

“Anamızı döymə! Vurma! Toxunma! Anaaa...” 


Qulağında qalan son səs budur. Uşaqlarının qışqırığı, gözü dönən adamın söyüşləri, acımasız zərbələr və bədənində dəhşətli ağrılar... Sonra isə qaranlıq...


Bu səhnə hər gün təkrarlanır. Hər dəfə bir məkanda, bir ailədə. Ömrünü paylaşdığı, övladına can verdiyi adam onun canını alır. 
Çünki o, günahkardır. Yolunda getməyən bütün işlərin, maddi sıxıntıların baiskarı odur. O, uğursuzluqların tək suçlusudur. Çünki qadındır! Əksini söyləyə, üsyan edə bilməz. Bu patriarxal ənənədən kənara çıxmağa da haqqı yoxdur. Ailəni qorumalıdır. O ailəni ki, hər gün qabırğalarını sındırır... Göyərən bədənində izlər buraxır... Ağlamaqdan şişən gözlərində arzularını, xəyallarını puç edir... Dözməlidir! 


O özünü qurban verdikcə daha çox əzilir, tapdanır və yox olur...


Bu, insanlığın ən utancverici halıdır. 


Qadına atılan sillə gələcəyə, övladınızın sabahına atılan sillədir.


Azərbaycanın iş xanımı, YAP Qadınlar Şurasının üzvü, “Liatris Holding”in rəhbəri Ruhi xanım Əliyevanın şəxsi təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Qadına şiddətə son!” sosial layihəsi bu il də baş tutdu.




Tədbir “Liatris Holding” və News24.az -ın təşkilatçılığı, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi ilə gerçəkləşib.
25 noyabr Qadınlara zorakılığa qarşı Ümumdünya mübarizə günü ərəfəsində təqdim olunan layihədə fiziki, mənəvi, psixoloji, iqtisadi və seksual zorakılığa məruz qalan qadınların yaşantıları, baş vermə səbəbləri, insanın cəmiyyətdə hüquqlarını bilməməsi və laqeyd yanaşılmasından danışılıb.
Ələlxüsus, son zamanlar daha çox gündəmi zəbt edən qadına şiddət, qadın ölümləri ilə bağlı müxtəlif sosial çarxlar hazırlanıb. Layihə çərçivəsində təqdim olunan çarxlarda, videomateriallarda bu zorakılığın aradan qaldırılması, qadın hüquqlarının insan hüquqlarından ayrılmaz hissəsi olması ilə bağlı cəmiyyətə çağırışlar səslənir.


“JW Marriott Absheron Baku” otelində baş tutan tədbirdə tanınmış ictimai xadimlər, ziyalılar, sənətçilər, iş adamları və media nümayəndələri iştirak edib. Aparıcılıq isə Leyla Quliyevaya həvalə edilib.


Tədbirdə öncə Azərbaycanın çağdaş qadın rəssamlarının “Daha gözəl dünya üçün qadına şiddətə son!” adlı sərgisi təqdim olunub. Aynur Sakitqızı və Gülüstan Qayıbovanın hazırladığı sərgidə 20 xanım rəssamın əsərləri nümayiş olunub.


Müxtəlif janrlarda çəkilən əsərlərdə Azərbaycan xanımının rəngli dünyası əks olunub.


Daha sonra layihə çərçivəsində hazırlanan sosial çarxlar təqdim olunub. Kamran Ağabalayevin rejissorluğu ilə ərsəyə gələn “Səssizsiniz” sosial çarxında kişi şiddəti, zorakılıq, qadınların qətlə yetirilməsi xoreoqrafik rəqslə simvolik şəkildə nümayiş olunub.


Qobustanda “Qadın daşı”nın ətrafında, eləcə də, son zamanlarda qadın qətllərinin törəndiyi məkanlarda lentə alınan çarxın çəkilməsinin əsas məqsədi bir daha cəmiyyətin diqqətini bu sosial bəlaya yönəltməkdir.


Qeyd edək ki, sosial çarxdakı rəqsləri “Jam Group”un üzvləri Rəsul Həsənov və Nigar Soltanova ifa edib. 


Növbəti sosial çarx isə atasından şiddət, təhdid görən, qardaşlarından ayrılmaq məcburiyyətində qalan, ən dəhşətlisi isə yaşadığı acılardan, stresslərdən əlil arabasına məhkum olan 22 yaşlı Gülmirə Çərkəzlinin həyatına həsr olunub. 


Video görüntünün yayımlamasından sonra stilist Anar Ağakişiyevin imicində dəyişiklik etdiyi G.Çərkəzli tədbirin təşkilatçısı Ruhi Əliyevanın köməkliyi ilə səhnəyə gəlib. Gülmirə Çərkəzqızı bildirib ki, ağlayan ananın övladı heç zaman gülə bilməz. 

Üçüncü sosial çarxın qəhrəmanı həyatındakı bütün çətinliklərə, ağrı-acılara baxmayaraq ayaqda qalan, əlacsız xəstəliyə belə baş əyməyən əzmi, yaşamaq istəyi ilə hər kəsə örnək olacaq “Yuğ” Teatrının aktrisası Zümrüd Qasımovadır.


Aktrisa bu çarxda həmcinslərinə “heç nə həyatınızdan önəmli deyil”, “heç kim üçün həyatından vaz keçmə” mesajını ötürür.


Aktyor Kamran Yunis şair Şamil Ənvəroğlunun "O qadın ki" və Vaqif Bayatlı Ödərin "Səni sevmək istəyirəm" adlı şeirləri səsləndirib. 


Tədbirdə təqdim olunan sonuncu sosial çarx isə “Üzr istəyirik” adlanıb. Bu çarxda cəmiyyətin tanınmış şəxsləri- yazıçı, jurnalist, şair, aktyor, idmançı kişiləri qadınlara göstərilən hər cür zorakılıq, şiddətə görə Azərbaycan kişisi adından üzr istəyiblər. Bu çarx, eyni zamanda, əsl Azərbaycan kişisinin qadınına təzyiq göstərən, onu döyüb-söyən yox, övladlarını çox sevən ata, gözəl ailə başçısı, sədaqətli həyat yoldaşı olduğunu diqqətə çatdırmaq məqsədi daşıyır.


Tədbirdə sosial çarxların təqdimatıyla yanaşı, layihənin təşəbbüskarı və təşkilatçısı “Liatris Holding”in rəhbəri Ruhi xanım Əliyeva çıxış edib. O qeyd edib ki, Azərbaycan cəmiyyətində qadına həmişə böyük dəyər verilib, şəninə xoş sözlər söylənib: "Qadın hər zaman “Cənnət anaların ayağı altındadır”, “Sürüklənən bəşəriyyət qadınla yüksələcək” kimi ifadələrlə anılıb. Həm dini, həm də mental dəyərlərimiz qadına və qadın hüquqlarına hər zaman hörmət tələb edir. Amma reallıq bir qədər başqadır. Reallıq bizi təəssüf doğuran səhnələrə, hadisələrə şahid edir. Qadınlar döyülür, təhdid, təhqir olunur, öldürülür... Artıq 4 ildir ard-arda cəmiyyətimizi bu sosial bəla ilə mübarizəyə səsləyən sosial layihə həyata keçirirəm. Bu il isə “Qadına şiddətə son!”-a daha ciddi ehtiyac duyulduğu qənaətindəyəm. Çünki son zamanlar cəmiyyətimizdə qadınlarımıza qarşı daha amansız davranışlar, övladlarının gözü qarşısında qətlə yetirilmələr, fiziki, mənəvi alçaldılmalarla bağlı xəbərlər alırıq. Bu da məni həm vətəndaş, həm Azərbaycan xanımı, həm ana kimi çox narahat edir.


Bu səbəbdən də cəmiyyətimizin ictimai-siyasi xadimləri, millət vəkilləri, ziyalıları, söz və sənət adamlarını bir daha bu məsələnin müzakirəsinə dəvət etdim. Düşünürəm ki, bu dəfəki layihəmiz qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində aparılan işə təhfələr verəcək".


Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi Araz Babayev layihə haqqında danışdı: "Biz artıq 4 ildir ki, bu Ruhi xanımın bu layihəsini dəstəkləyirik. İnsan alverinə məruz qalanların 90 faizi qadınlardır. Bunlar da əsasən erkən nikaha daxil olur və məişət zorakılığına məruz qalanlardı. Bu kimi faktlar bölgələrdə daha çox özünü göstərir. Evini tərk edib şəhərə gəlir, parlaq həyat cəlbedici görünür, təəssüf ki, belə qadınlar çox vaxt insan alverinin qurbanı olurlar. Ötən il 82 qadın insan alverinin qurbanı olub. Əməkdaşlarımız regionlarda müxtəlif səpgili tədbirlər, maarifləndirmə işləri həyata keçirirlər. Təbliğatımız da bundan ibarətdir ki, zəriflik nümunəsi olan qadınlara şiddət yox, qayğı göstərmək lazımdır". 


Çıxış edən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, qadına şiddətlə bağlı təbliğatlara yalnız qadınlar deyil, bütün cəmiyyət maraqlı olmalıdır: "Artıq 4 ildir ki, Ruhi xanım bu tədbiri həyata keçirir, olduqca təqdirəlayiqdir. Zorakılıq dedikdə yalnız fiziki deyil, psixi, iqtisadi, mənəvi zorakılıq mövcuddur. Şiddət zəifliyin əlamətidir və bir gün faciə ilə nəticələnir. Şiddətə döz demək, zərərli düşüncənin məhsuludur. Milli Məclisin son büdcə müzakirələrində də qeyd etmişəm. Təəssüf ki, hər gün mediada belə xəbərlərlə yatırıq, ayılırıq. Televiziyalarda sosial çarxlar az görürük. Hamımız bu məsələdə maarifləndirmə missiyasını öhdəmizə götürməliyik. Fikrimcə, özəlliklə kişi ziyalılarımız bu məsələni işıqlandırsa, maarifləndirmədə fəal iştirak etsə, daha təsirli olar. Analar ağlayanda övladlar gülə bilmir. Bir ailənin daxilində şiddət varsa, o ailənin daxili ola bilməz". 


Q.Paşayeva onu da əlavə edib ki, qadınlarla bağlı sığınacaq mərkəzinin, aliment fondunun yaradılması məsələsi Milli Məclisdə müzakirə edilib, gələcəkdə bununla bağlı tədbirlər gözlənilir. 


Millət vəkili Jalə Əliyeva da çıxış edərək qadınların susduqca, daha çox şiddət gördüklərini deyib: "Dövlətimiz, dövlət rəhbərimiz bu ölkənim qarantıdır. Amma biz cəmiyyət olaraq çalışırıqmı? Məncə ən böyük problem elə bunun kökündədir. Hər birimiz səsimizi çıxarmalıyıq".


Tədbirdə xalq artisti Nəzakət Teymurova Xalq şairi Ramiz Rövşənin sözlərinə bəstələnən "Qara paltarlı qadın" mahnısını ilk dəfə səsləndirib.  Xalq artisti Məsnum İbrahimov isə "Körpəmin anası" adlı mahnını ifa edib.


"Qadına şiddətə son!" sosial aksiyasına qatılanlar sırasında millət vəkilləri Elmira Axundova, Jalə Əliyeva, Qənirə Papayeva, Sona Əliyeva, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi Araz Babayev, Xalq artistləri Brilliant Dadaşova, Mələkxanəm Əyyubova, əməkdar artistlər aybəniz Haşımova, Lalə Məmmədova, Əliağa Sədiyev, idmançı, 6 qat dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz), Top-stilist Anar Ağakişiyev, müğənni Günay İbrahimli, aparıcılar Hacı Nuran Hüseynov, Zümrüd Bədəlova, prodüser Tarix Əliyev, Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, fitnes məşqçi Səbinə Məhərrəmova, modelyer Afaq İsmayılzadə və digər tanınmış simalar iştirak ediblər.