Bibiheybətki sürüşməyə görə avtobusların hərəkət sxemində DƏYİŞİKLİK EDİLDİ
    • 30-11-2019, 12:45
    • 938

Bibiheybətki sürüşməyə görə avtobusların hərəkət sxemində DƏYİŞİKLİK EDİLDİ

Bibiheybət yolunda baş vermiş torpaq sürüşmənin nəticələri aradan qaldırılanadək Yeni Salyan yolunda yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi ilə 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, dəyişikliyə əsasən 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar 20-ci sahə adlanan ərazidən şəhər istiqamətinə gedərkən yenidən Yeni Salyan yoluna (Jurnalistlər binası istiqamətində) daxil olacaq. Bakı Ali neft məktəbinə yaxın hissədən geriyə dönərək təkrar şəhər mərkəzi istiqamətində hərəkət edəcək.

Şəhər mərkəzindən Yeni Salyan yolu (Jurnalistlər binası istiqamətində) gələn sərnişinlərimiz də 5 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardan istifadə etməlidirlər. Belə ki, həmin sərnişinlər 20-ci sahədə gəldikləri avtobusdan düşərək sonuncu dayanacaqdan 5 nömrəli xətt üzrə şəhər istiqamətində çıxan ilk avtobusa minməlidirlər. Avtobus dəyişən zaman sərnişinlərdən heç bir ödəniş tələb olunmur.