-
- 1-12-2019, 00:49
- 984
Milli Dram Teatrında Cəfər Cabbarlının 120 illiyi münasibətilə "Yaşar" tamaşası nümayiş olunub
Noyabrın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli yazıçı, dramaturq, nasir və ictimai xadim Cəfər Cabbarlının 120 illiyi münasibətilə “Yaşar” tamaşasının nümayişi olub.
News24.az xəbər verir ki, tədbir ədibin anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında dövlət başçısının müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı həftəsi” çərçivəsində reallaşıb.
Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissorları Mehman Fətullayev və Emil Əskərov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Нərmin Həsənоvаdır.
Tamaşada Xalq artistləri Ramiz Məlik, Nurəddin Mehdixanlı, Cəfər Namiq Kamal, Əməkdar artistlər Elnar Qarayev, Rəşad Bəxtiyarov, Məsmə Aslanqızı, Ayşad Məmmədov, Mehriban Xanlar, Elşən Rüstəmov və Elxan Quliyev, aktyorlar Cavidan Novruzov, Elçin Əfəndi, Əli Nurzadə, Rada Nəsibova və başqaları çıxış ediblər.
Səhnə əsəri maraqla qarşılanıb.
Qeyd edək ki, müəllif "Yaşar" pyesini 1932-ci ildə tamamlayıb və həmin il də səhnəyə qoyulub. Yaşar, Toğrul və Tanya kimi gənc alimlər və onların elmi rəhbəri Belokurov şoranlıq torpaqları əkin sahələri üçün yararlı edib, pambıq tarlalarına çevirmək istəyirlər. Pyes əsas qəhrəmanın adı ilə "Yaşar" adlandırılıb. "Yaşar"dakı obrazlar, müsbət və mənfi olmalarından asılı olmayaraq, dövrünün gerçəkliyinin özü qədər sərt, canlı və realdırlar.