“Ekoloji problemlər gənclərin gözü ilə” adlı FESTİVAL KEÇİRİLƏCƏK
    • 9-12-2019, 15:55
    • 1 366

“Ekoloji problemlər gənclərin gözü ilə” adlı FESTİVAL KEÇİRİLƏCƏK

Gənclər və İdman Nazirliyi AMEA-nın Mərkəzi Nəbatat bağı ilə birgə dekabrın 10-u saat 14.00-da Mərkəzi Nabatat bağında “Ekoloji problemlər gənclərin gözü ilə” adlı festivalı keçirəcək.

News24.az xəbər verir ki, tədbirdə nazir Azad Rəhimov, dövlət rəsmiləri və digər qonaqlar iştirak edəcək.

Sərginin keçirilməsində əsas məqsəd gənclərin ekoloji sahəyə marağının artırılması, onların yaradıcılıq potensiallarının dəstəklənməsi, gənclərin bu istiqamətdə maarifləndirilməsi, eyni zamanda, onlarda sosial təşəbbüskarlığı stimullaşdırmaqdır.

Sərgidə 14-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşlarının dəzgah rəngkarlığı, kvillinq, xəttatlıq, keramika, rəngkarlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, batika, vitraj, qravüra üslubları üzrə ekoloji mövzuda çəkdikləri işlər nümayişi eləcədə gənclərin iştirakı ilə eko-tamaşa, eko-viktorinaların keçirilməsi nəzərdə tutulur.

Sərgidə fərqlənən işlər Gənclər və idman Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaqlar.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.3 bəndinin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) bəndini rəhbər tutaraq və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.6.5 (gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri ilə bağlı maarifləndirmə işlərinin aparılması) bəndinin icrasını təmin etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən gerçəkləşdirilir.