Azərbaycanlı alim Dünya Beyin Mərkəzləri Sammitində
    • 16-12-2019, 23:38
    • 731

Azərbaycanlı alim Dünya Beyin Mərkəzləri Sammitində

Dünya Beyin Mərkəzləri Sammiti 11-14 dekabr tarixində Brazilyanın Rio De Janeiro şəhərində təşkil edilib. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiya regionunun aparıcı beyin mərkəzi kimi tədbirdə iştirak edib.
News24.az xəbər verir ki, CESD-nin sədri, iqtisadçi alim Vüqar Bayramov sammit çərçivəsində təşkil edilən “Maltipolar Dünyada Maltilateralizm: Münaqişələr və Böhranlar yoxsa Sülh və İnkişaf?” adlı plenar iclasda dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçiləri ilə birlikdə qlobal və regional iqtisadi məsələləri müzakirə edib.
Roberta Braganın ( ABŞ Atlantik Şurası) sədrlik etdiyi plenar iclasda Brain Hanson (ABŞ Qlobal Məsələlər üzrə Çikaqo Şurası), Alvaro Mendez (Böyük Britaniya London İqtisadiyyat Mərkəzi İDEAS), Carlos Carnero ( İspanya, Fundacion Alternatives) və Pablo Genta (Xarici Əlaqələr üzrə Urquvay Şurası) birlikdə gündəmdəki qlobal məsələlər barədə fikir mübadiləsi aparılıb.
“Müzakirələr göstərir ki, qlobal səviyyədə aparıcı beyin mərkəzlərin təsir imkanları genişlənməkdədir. Bununla yanaşı, beynəlxalq institutların daha aktiv olması və onlara inamın qaytarmasına çalışılmalıdır. İqtisadi məsələlər ilə yanaşı, regional münaqişələrin həll edilməməsi məhz qlobal güclərə olan etimadı azaldır. 2 saatlıq müzakirədə Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu daxil olmaqla qlobal instituların fəaliyyəti daxil olmaqla mövcud dünya nizamı, qlobal oyun qaydaları ilə bağlı beyin müzakirəsi də aparıldı”, - deyə CESD sədri bildirib.
Qeyd edək ki, CESD beynəlxalq qiymətləndirmədə son 10 ildə Cənubi Qafqaz və Orta Asiya regionunun aparıcı beyin mərkəzi seçilir. Mərkəz ABŞ-ın Harvard Universitetinin rəsmi beyin mərkəzi katoloquna daxil edilib.