Bakıda məşhur orkestrin KONSERTİ KEÇİRİLDİ - FOTO - VİDEO
    • 18-12-2019, 12:01
    • 1 344

Bakıda məşhur orkestrin KONSERTİ KEÇİRİLDİ - FOTO - VİDEO

Dekabrın 17-də Heydər Əliyev Mərkəzində “Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçirilib.

Heydər Əliyev Mərkəzindən News24.az-a verilən məlumata görə, orkestrin bədii rəhbəri və dirijor Aleksandr Rudin (violonçel), Aleksey Volodin (piano) və Andrey Yerşov (truba) konsertdə solist olaraq çıxış ediblər. Konsert proqramında dünya klassik musiqisinin görkəmli nümayəndələri V.A.Motsart, İ.S.Bax, A.Arenski və D.Şostakoviçin əsərləri ifa olunub.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri orkestrin ifasında tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

“Musica Viva” Moskva Kamera Orkestri 1978-ci ildən fəaliyyət göstərir. 1988-ci ildən indiyədək orkestrə dirijor, violonçel ifaçısı və pianoçu Aleksandr Rudin rəhbərlik edir. “Musica Viva” beynəlxalq musiqi festivallarının daimi iştirakçısıdır. Almaniya, Belçika, Çexiya, Çin, Finlandiya, Fransa, Hindistan, İspaniya, İtaliya, Latviya, Niderland, Sloveniya, Tayvan, Türkiyə və Yaponiyada qastrollarda olub.

Aleksandr Rudin Rusiya Federasiyasının Xalq artisti, Dövlət mükafatı laueratıdır. Dünya şöhrətli violonçel ifaçısı, simfonik və kamera orkestrləri ilə əməkdaşlıq edən dirijor, pianoçu, pedaqoq-tədqiqatçı, kamera əsərlərinin orkestr redaksiyasının müəllifidir.

Aleksey Volodin Rusiya fortepiano məktəbinin ən istedadlı, müstəsna texniki ustalıqlara malik nümayəndələrindən biri, müxtəlif beynəlxalq müsabiqələrin laureatıdır.

İstedadlı truba ifaçısı Andrey Yerşov K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solistidir.