Vilayət Eyvazozdan  bələdiyyə seçkiləri ilə bağlı POLİSLƏRƏ VACİB TAPŞIRIQ
    • 19-12-2019, 13:10
    • 979

Vilayət Eyvazozdan bələdiyyə seçkiləri ilə bağlı POLİSLƏRƏ VACİB TAPŞIRIQ

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu il dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar asayişin mühafizəsi üzrə əlavə tədbirlərə dair əmr imzalayıb.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, əmrə əsasən, bələdiyyə seçkilərinin yüksək təhlükəsizlik şəraitində keçməsi məqsədilə respublikanın daxili işlər orqanları dekabr ayının 22-dən 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. 

Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

Əmrdə qeyd olunur ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104-14-cü maddəsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polis əməkdaşının səsvermə zamanı seçki məntəqəsində olması qadağan edilir. Xüsusi geyim formasında olan polis əməkdaşı seçki  məntəqəsinə yalnız məntəqə seçki komissiyasının qərarı və məntəqə seçki komissiyası sədrinin dəvəti əsasında ictimai asayişin bərpa edilməsi məqsədilə daxil ola bilər və asayiş bərpa olunduqdan sonra məntəqəni dərhal tərk etməlidir.