Yeni tikilən binaların ərazisində mütləq yaşıllıq salınmalıdır- ETSN
    • 20-12-2019, 17:18
    • 826

Yeni tikilən binaların ərazisində mütləq yaşıllıq salınmalıdır- ETSN

“Yeni tikilən binaların ərazisinin 25 faizində mütləq yaşıllıq salınması tələbi qoyulur”. 

News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov bildirib. O qeyd edib ki, bu gün köhnə binaların sökülərək yerində müasir və daha rahat binaların tikilməsi üçün icra edilən pilot layihələr təqdir ediləndir:

“Lakin bu layihələrin icrası zamanı da bütün ekoloji tələblər nəzərə alınmalıdır. Bu tip layihələrə, tikinti altına düşən ağacların əvəzində daha çox sayda ağacın əkilməsi tələbi ilə müsbət rəy veririk. Yəni layihəsi təqdim olunan ərazinin mütləq olaraq 25 faizində yaşıllıq salınması tələbi qoyulur. Deyək ki, 200 kvadrat metrlik ərazidə tikinti aparılacaq, biz həmin tikintiyə, ərazinin 25 faizində mütləq ağac əkilməsi şərtilə ictimai dinləmədən sonra müsbət rəy veririk”. 

M.Qənbərovun sözlərinə görə, əgər ərazidə ağac əkməyə yer olmursa, yəni tikinti kiçik bir ərazini əhatə edirsə, onda yenə də ictimai dinləmədən, məsləhətləşmədən sonra müvafiq boş sahələrdə yaşıllığın salınması tələbi ilə tikintiyə rəy verilir: “Yəni, həm köhnə binanın əvəzində əhali yeni, yaraşıqlı, rahat binalara köçür, həm də həyəti bağça ilə, yaşıllıqla təmin edilir”.