-
- 28-03-2020, 00:53
- 726
Yeni tikintiyə görə layihə altına düşən ağaclar köçürüldü
Dövlət Ekspertiza İdarəsi Nərimanov rayonu A.Heydərov küçəsi ilə Ə.Orucəliyev küçəsinin kəsişməsində köhnə binaların yerində yeni yaşayış binalarının tikintisi məqsədilə icra olunan pilot layihə çərçivəsində layihə altına düşən ağacların köçürülməsinə ictimai dinləmədən sonra rəy verib.
News24.az xəbər verir ki, İdarənin rəisi Mirsalam Qənbərov "Report”a bildirib ki, rəy verilməmişdən əvvəl tikintini aparan “Azneftemaş” Qapalı Səhmdar Cəmiyyətinin etdiyi müraciət əsasında layihə altına düşən ağacların köçürülməsinə zərurət yarandığı üçün maraqlı tərəflərin, o cümlədən layihəçilərin, ekspertlərin, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə ictimai dinləmə keçirilib.
Tikinti altına düşən ağacların saxlanılması və bu, mümkün olmadıqda isə köçürülməsi məsələləri müzakirə olunub, müxtəlif fikirlər dinlənilib. Götürülən ağacların əvəzinə daha çox tingin əkilməsi və ekoloji tarazlığın qorunması üçün bütün imkanlar araşdırılıb.
M.Qənbərov qeyd edib ki, yeni ağacların əkilməsi məqsədilə tikinti sahəsindən kənarda ərazi ayrılmasına nail olunub və icraçı qarşısında yeni yaşıllıq sahəsinin salınması tələbi qoyulub.
“İctimai dinləmələrin nəticəsi olaraq layihə altına düşən 1 tut və 1 qarağac, 3 safora və 3 qovaq ağacının götürülməsinə, əvəzində 500 yeni ağacın əkilməsinə, 73 ağacın isə köçürülməsinə rəy verilib. Köçürülməsinə rəy verilən ağaclar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsi tərəfindən çıxarılaraq Ramana tingçilik sahəsində əkilib.
Hazırda həmin ağaclara aqrotexniki qulluq göstərilir.
“Həmçinin yeni ağacların əkilməsi üçün metropoliten deposunun yaxınlığında ayrılmış ərazidə icraçı tərəfindən 400 çinar və 100-ə yaxın şam ağacı əkilib”, - deyə idarənin rəisi bildirib.